Türkiyəli politooq: “Orta Şərqin yaşadığı taleyi indi türkdilli dövlətlərə yaşatmaq istəyirlər”


Yeni il toqquşmalarla başladı. Qazaxıstanda baş verən hadisələr bütün dünyanın gündəmindədir. Bahalaşmaya olan etirazlar tez bir zamanda dünya ölkələrinin proseslərə reaksiyasına səbəb oldu. Rusiya sülhməramlı kontingentinin ölkəyə girməsi üçün xüsusilə diqqət çəkdi. Maraqlıdır, Moskvanın Qazaxıstandakı xaotik durumda nə qədər maraqlıdır? Həqiqətən də, “şimal ayısı” bir çox ekpertlərin də düşündüyü kimi, yenə “caynaq atır?” 

 Bu barədə “Sherg.az”a danışan türkiyəli professor Yaşar Onayın fikrincə, hazırkı duruma konkret qiymət vermək hələ tezdir:

 “İndi Qazaxıstanla bağlı dəqiq danışmaq çətindir. Hadisələr xalqın bahalaşmaya etirazı olaraq başlasa da, belə sosial hadisələrin sosial partlayışlara çevrilməsi çox asandır. Xalqın arasına qarışan peşəkar təxribatçılar hadisələrin axarını bir anda fərqli istiqamətə çevirə bilərlər. Vacib məqam hadisələrin arxasında hansı qüvvənin dayandığının dəqiq təsbit edilməsidir. Qazaxıstan regionun ən varlı ölkələrindən biridir. Təbii sərvətlərə malikdir, əhalisi savadlıdır. Qərb Gürcüstan və Ukrayna kimi Qazaxıstanı da öz tərəfinə çəkmək istəyə bilər. Bu məsələdə istədiklərinə nail olsalar, növbə digər türkdili dövlətlərə də çata bilər. Unutmayaq ki, Azərbaycan istisna olmaqla Orta Asiya türk dövlətləri süni dövlətlərdir. Yəni Orta Şərqlə oxşardır. Həmçinin Orta Asiya və Orta Şərq neft və qaz hövzəsidir. Qorxuram ki, Orta Şərqin yaşadığı taleyi indi türkdilli dövlətlərə yaşatmaq istəyirlər. Rusiya bu regionu özünün arxa bağçası kimi görür. Və həmin yerlərdə özünə alternativ gücün olmasını istəmir. Başqa bir diqqətçəkən məqam türk dünyasının birləşməsi zamanı bu hadisənin baş verməsidir. Türk dünyasının birləşməsi Rusiyanın maraqlarına ziddir. Bir sözlə, hadisələrin arxasında nəyin, kimin olduğunu görmək üçün zamana ehtiyac var”.