"Yüksəliş" müsabiqəsinin üstünlükləri genişdir


İxtisaslı, savadlı kadrlarımız çoxdur 

“Yüksəliş” müsabiqəsinin üstünlüyü bundadır ki, ölkənin kadr potensialı haqqında məlumat bankının formalaşmasına xidmət edir

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

   Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasının təmin edilməsi məqsədilə "Yüksəliş" müsabiqəsi təsis olunub. Sərəncamın icrasına başlandığı vaxtdan bugünədək  “Yüksəliş” müsabiqəsi gələcək karyerasını qurmaq və ölkənin gələcək taleyində mühüm rol oynamaq istəyən şəxslər üçün böyük bir platformaya çevrilib. Bu müsabiqə peşəkar kadrlara böyük imkanlar yaradır. Bu imkandan yararlanmaq istəyənlər, biliyinə, intellektual səviyyəsinə güvənənlər müsabiqədə iştirak edir, onun verdiyi imkanlardan yararlanmağa çalışırlar. 

 İkinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə artıq start verilib. Bu barədə “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev dünən keçirilən brifinqdə bildirib. Müsabiqə şərtlərinə görə, 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir və təqribən 1 ay davam edəcək.  Müsabiqə Qeydiyyat, Onlayn, Əyani, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilər. Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20 iştirakçı bir illik İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulma və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcək. İlk müsabiqədə qeydiyyat üçün 11760 nəfər müraciət edib, onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.  F.Hacıyev qeyd edib ki, builki "Yüksəliş" müsabiqəsində keçənilki ekspert və qaliblər iştirak edə bilməz. Bu il üçün test imtahanlarında bəzi yeniliklər olacaq. Test imtahanlarında namizədlərin İT bilikləri də yoxlanılacaq. Sualların məzmununda da dəyişiklik olacaq: "Əvvəlki sual bazası sırf ölkə ilə bağlı idisə, bu dəfə dünyada baş verən hadisələrlə bağlı suallar da olacaq. Sualın formatından asılı olaraq namizədlərə vaxt veriləcək. Real imtahan formatında sınaq imtahanları da keçiriləcək. Səhər saat 10-da başlayan qeydiyyat prosesindən indiyə kimi artıq 500-dən çox namizəd qeydiyyatdan keçib.

Müsabiqə əyani və qabiliyyət imtahanı mərhələsində beynəlxalq təcrübəyə əsaslanacaq. Bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edilir". İşçi Qrupunun rəhbəri əlavə edib ki, əvvəlki müsabiqənin mentorluq proqramının nəticələri barədə iyun ayında ictimaiyyətə məlumat veriləcək. "Yüksəliş" müsabiqəsinə bu gündən başlayan qeydiyyat prosesi bir aydan çox davam edəcək, martın 31-də bitəcək. Builki müsabiqə üçün 10 mindən artıq müraciətin olacağı nəzərdə tutulub: "Pandemiya şəraitindən asılı olaraq müsabiqənin avqust ayında bitməsi planlaşdırılır". F.Hacıyev əlavə edib ki, ötən seçilən 27 qalibin adı ehtiyat kadr bankına daxil ediləcək. Bölgələrdə də təqdimatlar olacaq,  müsabiqəyə marağı olan şəxslərlə görüşlər keçiriləcək. 

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında “Yüksəliş” müsabiqəsinin üstünlüklərindən danışdı:

- “Yüksəliş” müsabiqəsi ixtisaslı kadrlar üçün, əlbəttə geniş imkanlar açır. Bu müsabiqənin keçirilməsini yüksək qiymətləndirirəm. İxtisaslı, savadlı kadrlarımız çoxdur. Dövlət qulluğuna imtahan verir, lakin bir çoxları yenə də ixtisasına uyğun iş tapa bilmir. “Yüksəliş” müsabiqəsinin üstünlüyü bundadır ki, ölkənin kadr potensialı haqqında məlumat bankının formalaşmasına xidmət edir. Məsələn, hansısa dövlət strukturunda vakant yerlər varsa, “Yüksəliş” müsabiqəsinin qalibləri arasından seçim etmək imkanı yaranır. Sizə bildirim ki, birinci “Yüksəliş” müsabiqəsinin qalibləri arasında hazırda dövlət strukturlarında, məsul vəzifələrdə çalışanlar var. “Yüksəliş” müsabiqəsinə ümidlər, bu gün də böyükdür. Lakin bəzi suallar da ortaya çıxır. Xüsusilə son turlardakı seçimlərlə bağlı. Məsələn, müsabiqədə iştirak şərtlərinə 2 illik idarəçilik təcrübəsinin daxil edilməsi, məncə, düzgün deyil. Burada müsabiqədə iştiraka əlçatanlıq dərəcəsi azalmış olur. “Yüksəliş” müsabiqəsində iştiraka o şəxslər can atır ki, ali savadlıdırlar, yüksək ixtisas dərəcələri var, potensiallarına güvənirlər və işləmək, çalışmaq arzusundadırlar. Amma belə məqamda onların qarşısına 2 illik idarəçilik tələbinin  qoyulması qarşılarını kəsir. Aydın məsələdir ki, “Yüksəliş” müsabiqəsi Məşğulluq Mərkəzi deyil. Müsabiqə iş karyerasında yüksəliş vəd edir. Lakin daha yaxşı olardı ki, müsabiqədə iştiraka bu cür əngəllər yaradılmasın. Həmçinin, hazırda dövlət qulluğunda  işləyənlərin də müsabiqədə iştirakına icazə verilməsi, məncə, düzgün deyil. Dövlət qulluğunda, hər hansı dövlət strukturunda çalışanlar daxildə vəzifə pillələri ilə qalxmalıdır. Müsabiqə imkanlarından, növbəti dəfə yararlanmağa çalışmamalıdırlar. Deyək ki, hazırda şöbə müdiri işləyən müsabiqədə qalib gəlib sektor müdiri təyin ediləcəksə, burada irəliləyiş mümkün olmaz. 

K.Əsədov bildirdi ki, müsabiqə müddətinin uzun olması da məqsədəmüvafiq görünmür:

- Müsabiqənin yekunlaşmasına 1 il vaxt gedəcək. Sonda 20 nəfər seçiləcək. Hesab edirəm ki, müsabiqəni daha sürətli və daha mobil təşkil etmək, 6 ay ərazində yekunlaşdırmaq mümkündür.