"Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir"

Prezident İlham Əliyev Qlobal Bakı Forumunda Ermənistana və dünyaya bir neçə mesaj verdi

“ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb”. Bunu Prezident İlham Əliyev Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır: 

“Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır. Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”. 

“Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir”

Dövlət başçısı deyib ki, Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir: “Əlbəttə, Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə əlaqədar məsələlər üzərində işləyirəm və Qarabağ münaqişəsinin həlli düşünürəm ki, regionda sülh və təhlükəsizlik üçün fürsətdir. Bizim sonuncu görüşümüzdə mən geniş şəkildə işğal, dağıntılar və bizim insanlarımızın təxminən 30 il əziyyət çəkdiyi humanitar böhranla bağlı geniş məlumat vermişdim. Bunu təkrar etmək istəmirəm, bu artıq bilinir, çünki azad edilmiş ərazilərə bir çox səfərlər olub. Siyasətçilər, ictimai fiqurlar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın işğalından qalan dağıntıları, hər şeyi öz gözləri ilə görüblər. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdaram, ötən il onlar sessiyalardan birini Şuşada təşkil etdilər və bizim orada görüşmək fürsətimiz oldu. Mən orada bizim qonaqlarımız üçün həm də bir növ bələdçi idim, onlara vəziyyəti göstərirdim. Ona görə də mən postmüharibə vəziyyətinə dair bizim yanaşmalarımızı ifadə etmək istəyirəm”.

“Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir”

Prezident bildirib ki, Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün fürsətdir: “Əlbəttə, Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə əlaqədar məsələlər üzərində işləyirəm və Qarabağ münaqişəsinin həlli düşünürəm ki, regionda sülh və təhlükəsizlik üçün fürsətdir. Bizim sonuncu görüşümüzdə mən geniş şəkildə işğal, dağıntılar və bizim insanlarımızın təxminən 30 il əziyyət çəkdiyi humanitar böhranla bağlı geniş məlumat vermişdim. Bunu təkrar etmək istəmirəm, bu artıq bilinir, çünki azad edilmiş ərazilərə bir çox səfərlər olub. Siyasətçilər, ictimai fiqurlar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın işğalından qalan dağıntıları, hər şeyi öz gözləri ilə görüblər. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdaram, ötən il onlar sessiyalardan birini Şuşada təşkil etdilər və bizim orada görüşmək fürsətimiz oldu. Mən orada bizim qonaqlarımız üçün həm də bir növ bələdçi idim, onlara vəziyyəti göstərirdim. Ona görə də mən postmüharibə vəziyyətinə dair bizim yanaşmalarımızı ifadə etmək istəyirəm”.

“Zəngəzur dəhlizi ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın təməl sütunudur”

Ölkə başçısı bəyan edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur.
Dövlət başçısı, həmçinin deyib: “Otuzillik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi. Əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü”.

“Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq” 

Dövlət başçısı deyib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq: “30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar. Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”.

“Azərbaycanlılar Zəngəzur dəhlizindən istifadə edə bilmirlər, biz bununla razılaşmayacağıq”

Ölkə rəhbəri diqqətə çatdırıb ki, Ermənistan tərəfindən kommunikasiyaların açılmasının qəsdən ləngidilməsi regionda disbalans yaradır: “Ermənistanın kapitulyasiya aktını imzalamasından ötən bir il yarım ərzində Naxçıvana gediş-gəlişin açılmaması üçtərəfli bəyanatın müvafiq müddəasının pozulmasıdır. Biz kommunikasiyaların, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə əlaqənin açılması ilə bağlı Ermənistandan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata riayət edəcəyini gözləyirik. Təəssüf ki, Ermənistanın kapitulyasiya aktını imzalamasının üzərindən artıq bir il yarım keçir, amma buvaxtadək gediş-gəliş yoxdur. Bu, qəbuledilməzdir. İlk növbədə, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəasının pozulmasıdır. Bu, həmçinin regionda disbalans yaradır, çünki eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürüb. Bir il yarımdır ki, Ermənistan Laçın yolunu bu maneəsiz əlaqə üçün istifadə edir. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq. Ona görə də mən düşünürəm ki, Ermənistan tərəfindən bizə bu gediş-gəlişin verilməsinin qəsdən ləngidilməsi qeyri-məhsuldardır. Bu mənə Ermənistan tərəfinin davamlı olaraq gecikmələrlə vaxt qazanmağa çalışdığı danışıqlar dövrünü xatırladır. Bunun nəticəsi nə idi? Nəticə döyüş meydanında və siyasi arenada total məğlubiyyət idi. Nəticə bu idi ki, erməni ideoloji əsasları tamamilə dağıdıldı”.

“... Azərbaycan nə üçün Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin?”

Prezident bildirib ki, Ermənistan tərəfindən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və Ermənistan tərəfinin bu məsələyə istənilən istinadı yeni qarşıdurmaya səbəb olacaq. Biz Ermənistan tərəfindən “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir. Çünki “Dağlıq Qarabağ” mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur. Ona görə də dırnaqarası statusa istənilən istinad yalnız yeni qarşıdurmalara səbəb olacaq. Ermənistan hökuməti bunu başa düşməlidir və tarixi yenidən yazmaq səylərindən əl çəkməlidir. Tarix artıq buradadır və bu, bir növ şifahi razılaşma idi ki, heç kim statusdan danışmayacaq. Təəssüf ki, bu baş verir və bu, çox ciddi nəticələrə səbəb ola bilər. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib. Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Beləliklə bu, çıxılmaz vəziyyətə səbəb ola bilər. Düşünürəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır, bu dərsləri yaxşı öyrənməlidir və Azərbaycana qarşı istənilən ərazi iddialarından çəkinməlidir”.

“Brüssel bəyanatı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını aydın şəkildə göstərir”

Dövlət başçısı qeyd edib ki, Brüssel bəyanatı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını aydın şəkildə göstərir: “Mən düşünürəm ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən bəyan edilmiş və Brüsseldə Prezident Mişel, mənim özüm və Baş nazir Paşinyan arasında üçtərəfli görüşün nəticəsi olan bəyanat aydın şəkildə deyir ki, Qarabağda erməni əhalinin hüquq və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam dəstəkləyirik. Bütün Azərbaycan xalqının hüquq və təhlükəsizliyi bizim konstitusiyamız tərəfindən təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhali Azərbaycandakı ən böyük etnik azlıq deyil. Ona görə də bizim konstitusiyamız bir çox illərdir ki, Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla, bütün millətlərə bərabər hüquqlar təmin edir. Ona görə də hüquq və təhlükəsizliyin əlbəttə ki, biz qayğısına qalacağıq”.

“Ərzaq böhranı qaçılmazdır və artıq qapıdadır”

Dövlət başçısı vurğulayıb ki, əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr yüksək qiymətlərə görə çox xoşbəxtdir, bu, yanlış dəyərləndirmədir: “İstehsalçı ölkələr stabil enerji bazarının, istehsalçılarla istehlakçılar arasında balansın tərəfdarıdır. Mən əminəm ki, gündəliyin əsas məsələlərindən biri aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədəki rolu olacaq. Çünki bu, qaçılmazdır və bu artıq qapıdadır. Həmçinin, beynəlxalq təşkilatlar və aparıcı ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrasiyanın potensial artması ilə məşğul olmalıdırlar. Biz bura istehsalçılarla istehlakçılar arasında qeyri-bərabərliyə səbəb olan enerji bazarlarındakı təxmin edilməyən vəziyyəti də əlavə edə bilərik. Bu vəziyyət istehsalçıların özləri üçün də risklidir. 

Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr bu yüksək qiymətlərə görə çox xoşbəxtdirlər, bu, yanlış dəyərləndirmədir. İstehsalçılarla istehlakçılar arasında balans, stabil bazar – istehsalçıların buna ehtiyacı var. Azərbaycanın da iştirak etdiyi “OPEC+”un səyləri buna yönəlib”.