Bizi biz edən dəyərlərimizdir

Dövlət maraqlarının təbliği, vətənpərvərlik ideyası milli mediamızın ana xəttini təşkil edir

   Media həyatın bütün sahələrini əhatə edən platformadır.  Dövlətçiliyin müdafiəsi, sosial problemlərin işıqlandırılması, siyasi avantüraların qarşısının alınması, feyk xəbərlərin ifşası, cəmiyyətin həqiqi və dolğun informasiyayla təmin edilməsi, bundan əlavə, mediaya pənah gətirən narazı insanların hansısa probleminin həllinə kömək…  O qədər görüləcək iş var ki! Lakin bir vəzifə var ki, o, media üçün də əsasdır. Baş vəzifədir. Bu, Vətəni qorumaqdır. Sözün bütün mənalarında. Azərbaycan mediası – onu təmsil edən jurnalistlər qələmi istənilən anda süngüylə əvəz etməyi bacaran vətənpərvərlərdir.

Hələ silahlı mərhələyə keçməmiş Qarabağ münaqişəsi dövründə, Birinci Qarabağ müharibəsində və 28 illik işğal dövründə mediamız necə fədakar idisə, 44 günlük Vətən müharibəsi günlərində də Azərbaycan jurnalistləri Vətənə bağlılıqlarını, “Öncə Vətən” anlayışının sadəcə iki kəlmədəm ibarət olmadığını sübut etdilər. Şübhəsiz, Azərbaycan mediası bu əzmkarlığı sələflərindən əmanət alıb. Milli mətbuatımızın bünövrəsinin vətənpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən necə möhkəm qoyulduğunu, XIX əsrdən üzü bəri nəşr olunan qəzet və məcmuələrin milli ruhu davam etdirməsiylə görmək olar. 
Cümhuriyyət mətbuatının əsas qayəsi vətənpərvərlik idi

   Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı cümhuriyyət dövrü mətbuatından danışarkən vurğulayır ki, Azərbaycan ictimai-siyasi fikir tarixində ermənizmə ilk cəbhəni açan məhz milli mətbuatımızın nümayəndələri olub və zərərli daşnak ideologiyası ilə mübarizədən bir an belə geri çəkilməyiblər. “Əkinçi” ilə başlayıb “Ziya” ilə, “Kaspi” ilə, 1905-ci ildən sonra isə "Həyat",  "İrşad" qəzetləri, Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu zamansa “Azərbaycan” qəzeti ilə davam edən milli məfkurənin təbliğatının önündə dövrün görkəmli şəxsiyyətləri - H.Zərdabi, Ə.Topçubaşov, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Əli bəy Hüseynzadə, Rza bəy Xəlilov, R.Məlikov, Mehdi bəy Hacınski kimi milli ziyalılarımız, jurnalistlərimiz gedirdi.  

Ümumilikdə o dövrün milli mətbuatı ideoloji savaşın mərkəzində dayanıb. Azərbaycan türklərinin milli oyanışına təkan verən təsisatların yaradılması və təbliğatını o dövrün qəzet səhifələrində açıq şəkildə görmək mümkündür. Həmçinin "Daşnaksütyun" partiyasının və erməni ictimai-siyasi təşkilatlarının Qafqazda müsəlmanlara qarşı törətdikləri soyqırım hərəkətlərinə qarşı da milli mətbuatımız davamlı mübarizə aparıb, xalqın haqq səsinə çevrilib. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə isə milli hökumətin formalaşma prosesinə informasiya dəstəyinin verilməsi və vətənpərvərliyin təbliği fonunda müstəqil dövlətin müdafiəsi mətbuatın əsas qayəsinə çevrilib. 
Medianın milli mücadiləsi    

   Azərbaycan mətbuatı “sovet mətbuatı”nın bir qolu kimi təqdim olunsa da, milli xüsusiyyətlərə, dövlətçiliyə sadiq qalan mətbuat nümayəndələrimiz Azərbaycan maraqlarını hər zaman üstün tutmağı bacardılar. 

Bunun nəticəsidir ki, nankor qonşularımız torpaq iddiası qaldıranda, Qarabağın qara günləri başlayanda erməni yalanlarına qarşı duran və müstəqillik uğrunda mübarizənin önündə gedənlər sırasında Azərbaycan jurnalistləri də vardı. Vətənpərvər ziyalılarımız çəkinmədən ölkəmizin mənafeyini müdafiə edərək həqiqətləri dünyaya çatdırmağa çalışırdılar. Bu haqq savaşında Azərbaycan mediası 10-larla şəhid verdi. Onlar o kəslər idi ki, Azərbaycanın informasiya blokadasını yarmağa can atırdı. Erməni təcavüzünü, erməni vəhşiliyini dünyaya tanıtdıran da onlar oldu. Şəhid jurnalistlərin xatirəsini əziz tutan mediamız 44 günlük Vətən müharibəsində ənənəsinə yenə sadiq qaldı. Ən qaynar nöqtələrdə, güllə yağışı, raket atəşləri altında Vətən qarşısında vəzifə borcunu ləyaqətlə davam etdirdi. Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov da erməni vandallarının basdırdığı minaya düşərək şəhid oldular. 1991-ci ildə Qarakənd səmasında erməni separatçıları tərəfindən vurulan vertolyotda həlak olan həmkarları kimi, onlar da Qarabağa xidməti vəzifələrini yerinə yetirməyə getmişdi. Lakin bu, sıradan bir vəzifə deyil. Bu vəzifənin adı məhz vətənpərvərlikdir. Həmkarlarımızı Kəlbəcərə aparan məhz Vətən sevgisi idi. 

Hansı ki, heç bir təhlükə onun qarşısını kəsə bilməz. Təbii ki, mediamızın örnək aldığı şəxs ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev idi. Prezidentin Vətən müharibəsi günlərində dünyanın 30-a yaxın media quruluşuna verdiyi müsahibələr nəinki hər bir azərbaycanlıda qürur hissi oyadırdı, dünya mediası üçün də hədəflərin, bu dəfə sözlə dəqiq vurulmasının ən gözəl nümunəsi idi. 2020-ci ilin 6 noyabr tarixində cənab Prezidentin "BBC News"a verdiyi müsahibə isə Vətən müharibəsinin media müstəvisində savaşının kulminasiya nöqtəsi oldu. Bu müsahibədə Prezident İlham Əliyevin təmkininə heyran qalmamaq olmur.  BBC müxbirinin inadcı, qərəzli, ermənipərəst mövqeyi, eyni sualın üzərinə təkrar-təkrar qayıtması və aşkar şəkildə erməni tərəfini müdafiə etməsi fonunda cənab Prezidentin səbirlə, təmkinini pozmadan sərrast cavabları dünya media tarixində nadir görünən hadisə idi. Mübaliğəsiz demək olar ki, Azərbaycan mediası Vətən müharibəsində cənab Prezidentin çıxışlarından və xarici kütləvi informasiya quruluşlarına, tv-lərə verdiyi müsahibələrdən ilhamlanırdı. Bir sözlə, İlham Əliyev Vətən müharibəsində həm də medianın sükanı arxasına keçmişdi və Azərbaycan mediasına yol göstərirdi. Bu müsahibələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb etdi. Azərbaycan mediasının üzərinə düşən vəzifə də Prezidentin apardığı media siyasətini davam etdirməkdir. Müharibə günlərində cəbhənin qaynar nöqtələrində olan, şəhidlər verən mediamız müharibədən sonrakı dövrdə  daha da əzmlı çalışmağı qarşısına məqsəd qoyub.   
Mediamız yeni mərhələdə də vətənəpərvərlik ideyasına söykənir

   Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Şərq”ə açıqlamasında medianın fəaliyyətinin yalnız bilgi vermək deyil, eyni zamanda maarifləndirmə və təbliğat olduğunu vurğuladı: 

- Bu mənada mediamızın üzərinə böyük vəzifə düşür. Milli dəyərlərin təbliği, Vətənə sevgi, vətənpərvərlik, zatən hər zaman Azərbaycan mediasının diqqət mərkəzindədir. Tarixə nəzər salsaq XIX əsrin sonları XX əsrin əvvəllərində başlayan milli özünüdərk prosesinin dövrün mətbu orqanları tərəfindən ön planda tutulduğunun şahidi olarıq.    
   Cümhuriyyət dövrü mətbuatında, məsələn, “Azərbaycan” qəzetində milli ziyalılarımız erməni məsələsinə tutarlı məqalələr yazırdı. Üzeyir bəy, Əlimərdan bəyTopçubaşov,  Məhəmməd Əmin Rəsulzadə... Həmçinin o dövrün əksər ziyalıları Azərbaycan məfkurəsini, azərbaycançılığı ön planda saxlayırdı.  Bu gün eyni vəzifə müasir mediamızın üzərindədir. Dövlət maraqlarının təbliği, vətənpərvərlik ideyası milli mediamızın ana xəttini təşkil edir. Sizə vacib bir məqamı da deyim: bu gün mediamızda şəhidlik və qazilik fəlsəfəsinə böyük ehtiram var. Hətta çəkinmədən deyə bilərəm ki, bizim şəhidlik və qaziliyə baxışımız digər türk xalqlarının baxışlarından yaxşı mənada fərqlənir. İstər efir olsun, istər print-media, istərsə də internet mediası şəhidlik və qazilik vətənpərvərliyin ana xəttini təşkil edir. Bizi biz edən min illərdir qoruyub saxladığımız, keşiyində dayandığımız dəyərlərimizdir. Və bu işdə mediamız üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Şübhəsiz ki, bu gün Azərbaycanın uğurlarından, “dəmir yumruğu”ndan narahat olan qüvvələr var və onlar hər vəchlə dövlətimizə mane olmağa cəhd edirlər. Mediamızın vəzifəsi şər qüvvələrin önünü kəsmək və dəyərlərimizi gələcək nəsillərə çatdırılmaqdır ki, qan yaddışımız itməsin, pozulmasın.