“Kaş özünü öldürəydi…”

Marmarisdə yanğın törədənin atası danışdı

Türkiyənin Marmaris bölgəsində 3 gündür davam edən və 3 min hektar meşə ərazisini məhv edən yanğını törətmiş Sacit Ayhanın atası Kadir Ayhan baş vermiş olaya təpki gəstərərək peşmanlıq içində “kaş ki, özünü öldürsəydi”, söyləyib. Xatırladaq ki, Marmarisdə meşə yanğını törətmiş şəxsin kimliyi bəlli olub və o, qısa zamanda Türkiyə polisi tərəfindən yaxalanıb. Oğlunun belə bir bağışlanmaz hərəkət törətdiyini öyrənən ata isə “onun belə bir iş görəcəyini heç təxmin etməzdim. Kaş ki, özünü oldürəydi, amma meşə yanmayaydı”, deyib. “Şərq” Türkiyə mediasına istinadən bildirir ki, S.Ayhanın atası “A Haber” televiziyasına açıqlama verib. 

Açıqlama verən atanın son dərəcə üzgün, peşman olduğu gözdən yayınmayıb. “Bizim güzəranımız meşələr vasitəsilədir. Meşə bizə hər şey verir. Oğlum işə getmişdi. Geyimini dəyişdi, üzünü qırxdı, “axşam gələcəyəm”, deyib evdən çıxdı. Sonra meşədə yanğın çıxdığını bildim. Oğlum qayıtmamışdı. Narahat oldum ki, birdən yanğın zamanı meşədə olar, o da yanar. Zəng etdim, zəng çatmadı. Sonra motosikleti tapıldı. Sonra da özünün polis tərəfindən yaxalandığını öyrəndim. Biz arıçıyıq, arı təsərrüfatımız var. Meşə bizə çörək verir. Onu yandırmaq olarmı?!. Çox pərişanam...” deyən ata göz yaşlarını saxlaya bilməyib. Ata oğlu haqqında “sakit adamdı, axşam erkən evə gələr, yatar, səhər durub işə gedərdi, ondan bu hərəkəti heç gözləməzdim”, söyləyib. 

Qeyd edək ki, meşədə yanğın törətməkdə şübhəli bilinən Sacit Ayhan polis tərəfindən yaxalanarkən əlində 2 kanistr benzin olub, sorğu zamanı meşəni yandırdığını etiraf edib. 

Muğla II Jandarma Komandanlığı tərəfindən aparılan axtarışlara “Kadro” isimli it də qoşulub. İt benzin qoxusunu alaraq şübhəlinin yaxalanmasına yardım edib. S.Ayhan isə istintaqa ifadəsində ailədə problemləri olduğunu, ailəsinin ona torpaq sahəsi verəcəyini vəd etdiyi, lakin bundan vaz keçdiyini, bu səbəbdən də aralarında mübahisə düşdüyünü, spirtli içki qəbul etdikdən sonra benzinlə dolu kanistrləri götürüb meşəyə getdiyini və yanğın törətdiyini, əvvəlcə özünü də alovun içinə atmaq istədiyini,  lakin qorxaraq oradan uzaqlaşdığını deyib. "CNN Türk"ə danışan Türkiyənin Daxili işlər naziri Süleyman Soylu şübhəlinin yaxalandığını, yanğın törətdiyini etiraf edən şəxsin ədliyyə orqanına təhvil verildiyini deyib, əlavə edib ki, son qərarı məhkəmə verəcək.