Düşmən mövqelərimizi atəşə tutur! - “Qisas” kimi növbəti əməliyyatlar...”

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub.

Vəziyyəti dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov  “Sherg.az”a bildirib ki, istər danışıqlar olsun, istərsə də hansısa sənədlər imzalansın Ermənistan üçün heç fərqi yoxdur. Azərbaycanın İkinci Qarabağ savaşında qələbə qazanmasından iki ilə yaxın vaxt keçir. Ortada üçtərəfli bəyanat var. Buna rəğmən sərhəddə erməni təxribatlarının sayı azalmır:

“Son həftədə atəşkəsin pozulmadığı bir gün belə yoxdur. Prinsip cəhətdən bu Azərbaycan Ordusu üçün təəccüblü deyil. Biz indiyə kimi hər şeyə öz gücümüz hesabına nail olmuşuq. Ermənistanı da hazırkı nəticələrə məcburən gətirib çıxarmışıq. Onlar istər sərhədlərin delimitasiya demarikasiyası, istərsə də sülh müqaviləsi işinin başladılmasına məcbur olublar. Azərbaycanın mövqeyi haqlı mövqedir. Rəsmi Bakı üçtərəfli bəyannamənin tələblərinə uyğun hərəkət edir. Ermənistan isə ona əks bir mövqe tutur. 

Bütün prosesi əngəlləməyə, uzatmağa çalışır. Atəşkəsin pozulması da məhz bu məqsədlə həyata keçirilir. Son zamanlar Azərbaycanın diplomatiya sahəsindəki uğurları Ermənistan hakimiyyətində qıcıq yaradır. Beləcə orda müxalifət, radikal qüvvələr aktivləşir. Proseslərdə bu da gözlənilən idi. Azərbaycan Orusu indi də istənilən təxribatın qarşısını almağa hazırdır.

 Ona görə də lazım gəldikdə, qərar qəbul olunduqda “Qisas əməliyyatı” kimi növbəti əməliyyatları da həyata keçirəcək. Sərhəddə baş verəcək istənilən təxribata məqsədindən asılı olaraq Azərbaycan tərəfi adekvat cavab verəcək. 

Rəsmi Bakı artıq Qarabağda Azərbaycan maraqlarının təmin edilməsinə start verib. Bunun davamı da olacaq”.