SƏRT AÇIQLAMA: "Qisas” əməliyyatının ikinci mərhələsi başlaya bilər”

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub : “Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə  tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”.

Vəziyyəti dəyərləndirən hərbi ekspert İbrahim Rüstəmli “Sherg.az”a biildirib ki, bu, çoxsaylı erməni təxribatlarının bir hissəsidir. Azərbaycan ermənilər, revanşist və terrorçulara göstərdiyi təzyiqi artırdıqca onlar da buna qarşılıq verir:

“Ancaq rəsmi Bakı hər dəfəsində sübut edir ki o öz iddialarında haqlıdır. Biz bu haqların qorunması üçün çalışırıq. Hazırda Ermənistan qeyri-müəyyən bir vəziyyətdədir. İndi Ermənistan rəsmiləri və erməni xalqı konkret olaraq  nə  istədiyi bilmir. 

 Erməni təxribatlarında ,adətən, Azərbaycan ərazi bütövlüyü məsələsində dəstək olmayan dövlətlərin nəfəsi hiss olunur. Xüsusilə, Fransanın və ordakı erməni lobbiçilərinin. İndi dünya siyasətində də vəziyyət qarışıb. Hegemon dövlətlər arasında gərginlik yaşanır. 

Düşünürəm ki, Azərbaycan torpaqlarında baş verən hadisələr də həmin hegemon dövlətlərin bizim ərazimizdə keçirdiyi mini proqramdır. 

Rəsmi Bakı ərazi bütövlüyü məsələsində olduqca iddialı, təmkinlidir. Əgər lazım gələrsə, dövlətimiz “Qisas” əməliyyatının ikinci mərhələsinə də başlaya bilər. 

Bunun üçün kifayət qədər gücümüz var. Bizim üçün onları sındırmaq, məhv etmək çox asandır. Ancaq sülhü dəstəkləməyimiz buna mane olur. Döyüşkən ordumuz  komandolarımız, xüsusi təyinatlılarımız  göstəriş olduğu halda ölkəmizin milli maraqlarını təmin edəcəklər. 

Qanunsuz erməni silahlı birləşmələrinə qarşı növbəti anti-terror əməliyyatlarının keçiriləcəyi istisna deyil.  Təbii ki, bu zamanı, məqamı yetişdikdə baş verəcək”.