Erməni təxribatı ara vermir! – “Ordumuzu ciddi addımlar atmağa vadar edirlər”

Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, sentyabrın 8-i axşam  saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinə fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Düşmənin növbəti təxribatı barədə “Sherg.az”a danışan Hərbi ekspert Ədalət Verdiyev  bildirib ki, Ermənistanın son günlər atəşkəsi intensiv şəkildə pozması Azərbaycan  Ordusunu  ciddi addımlar atmağa vadar edir:

“Belə olduğu halda ordumuz yaxın günlərdə “Qisas” əməliyyatının növbəti mərhələsini həyata keçirməli olacaq. 

Fikrimcə, artıq Qarabağ ərazisində mövcud olan və Azərbaycan-Ermənistan sərhəddində atəşkəsi pozmağa cəhd edən erməni silahlıları tamamilə həmin atəş açılan mövqelərdən çıxarılmalıdır ”.