"Azərbaycan-ABŞ münasibətləri özünün yeni dövrünü yaşayır"

ABŞ Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün iki milyon dollar ayırır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir : “ABŞ-ın yeni maliyyəsi minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki imkanlarını gücləndirməyə davam edəcək. Bu səylər insanların təhlükəsizliyinin yaxşılaşdırılması və məcburi köçkünlərin öz evlərinə qayıtmasına və həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan yaratmaq üçün çox vacibdir”.

Analitik Aqşin Kərimov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, hazırda ABŞ-Azərbaycan münasibətlərində bir neçə istiqamət üzrə fikir ayrılıqları mövcuddur: 

“ABŞ Azərbaycanın Rusiya ilə Qərb arasındakı balanslı mövqeyindən bir qədər narahatdır və onu öz tərəfinə çəkməkdə maraqlıdır. Rəsmi Vaşinqtonun bu  qarışıq arzuları isə Azərbaycanın təhlükəsizlik çağırışlarına uyğun deyil. Digər tərəfdən ABŞ Azərbaycan-Türkiyə-Rusiya üçbucağındakı birgə maraqların inkişafını çox da istəmir. Deməli, məntiqlə Türkiyənin regiondakı iştirakının yalnız Ağ Evin reseptləri əsasında güclənməsində maraqlıdır. Bunlardan başqa, digər sahələrdə Azərbaycanla ABŞ-nin üst-üstə düşən maraqları var. Müştərək maraqlar rəsmi Bakı və Vaşinqtonu strateji tərəfdaş xəttinə salır və bu xətt enerji təhlükəsizliyindən tutmuş beynəlxalq terrorizmlə qarşı mübarizəyə qədər geniş bir sahəni əhatə edir. ABŞ Qarabağdakı yenidənqurma işlərinə töhfə vermək niyyətini özünün humanitar çağırışları ilə assosiasiya edir. Ona görə də minatəmizləmə əməliyyatlarına vəsait ayırır. Lakin ABŞ-nin Qarabağda və Şərqi Zəngəzurdakı iqtisadi layihələrə sərmayə qoyması onun Azərbaycan hökuməti ilə razılaşmasından asılıdır. Sırf bu məsələdə insan hüquqlarına baxış və idarəetmədəki yanaşma fərqləri ABŞ-nin sərmayə qoymaqdan çəkindirir. 

  ABŞ hesab edir ki, Azərbaycanda məhkəmə sistemi müstəqil olmalıdır və investisiya yatıran gələcəkdə məhkəmə predmetinə məruz qalarsa, onun sərmayəsi batmamalıdır. Bütün bunlara baxmayaraq indi Azərbaycan-ABŞ münasibətlərinin artan şkala üzrə özünün yeni dövrünü yaşadığını deyə bilərik”.