Bu dəfə vəziyyət daha qəlizdir, Nikol! - DEVRİLİR? - AKTUAL

Sentyabrın 14-də İrəvanda Ermənistan hökumətinin binası yaxınlığında mitinq keçirilib. Azərbaycanla sərhəddə gedən döyüşlərə görə xalq baş nazir Nikol Paşinyanın istefasını və səfərbərlik tələb edib. Etirazçılar parlamentin qapısını sındırmağa cəhd ediblər.Bu hadisə N.Paşinyanın yaxın zamanlarda devriləcəyinə dair ehtimallar yaradıb. 
Ermənistandakı prosesləri “Sherg.az”a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli diqqətə çatdırıb ki, Azərbaycanın "Dəmir yumruq" zərbəsi bu ölkəni yamanca qarışdırıb:

 “Ermənistan ordusu növbəti dəfə ağır məğlubiyyətə uğrayıb. Ona görə də, orda hazırda belə bir durum mövcuddur. Eyni zamanda, İrəvanda revanşist-radikal siyasi dairələr ordunun savaş meydanında növbəti dəfə darmadağın edilməsini öz maraqlarını reallaşdırmaq üçün bir fürsətə çevirməyə çalışırlar. Revanşist-radikallar 44 günlük savaşda məğlubiyyətdən sonra da Paşinyan hakimiyyətini devirməyə çalışıblar. O vaxt Nikol müxtəlif siyasi manevrlərlə hakimiyyətdə qalmağa nail olub.  Ancaq indi Paşinyan hakimiyyətinin vəziyyəti daha acınacaqlıdır. Çünki vaxtilə erməni baş nazir öz hakimiyyətini qorumaq üçün müəyyən müddət Rusiyaya sığınaraq, Kremlin dəstəyini alıb. Bu dəfə vəziyyət əvvəlkindən daha qəlizdir. Son vaxtlar Paşinyan hakimiyyəti Rusiya ilə münasibətləri ciddi şəkildə gərginləşdirən addımlar atıb. İndi münasibətlər o qədər korlanıb ki, Kreml də Paşinyan hakimiyyətinin devrilməsində maraqlı görünür.

 Paşinyan və komandasının Rusiyadan uzaqlaşıb, yaxınlaşmağa çalışdığı ABŞ və Qərbin Ermənistanda strukturlaşmış siyasi müdaxilə mexanizmləri demək olar ki, yoxdur. Rusiya isə revanşist-radikallar da daxil olmaqla, Ermənistandakı əksər siyasi qüvvələrə nəzarət və təsir edə bilir. Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin devrilə biləcəyi qətiyyən istisna deyil. Ancaq bir önəmli məqam da var ki, baş nazir Nikol kifayət qədər hiyləgər siyasətçidir. Yəni, yenə də mövcud vəziyyətdən hansısa siyasi manevrlərlə çıxa bilər. Təbii ki, onun öz hakimiyyətini qoruya bilməsi müəyyən mənada Azərbaycanın maraqlarına cavab verir. Paşinyan ölkdaxili təzyiqləri aşa biləcəyi təqdirdə, Azərbaycanın diqtə etdiyi şərtlərlə sülh sazişinin imzalanmasına hazır görünür. 

O, praqmatik siyasətçidir və anlayır ki, Ermənistan dövlətçiliyini yalnız Azərbaycan ilə anlaşmaqla, sülh sazişini imzalamaqla xilas etmək mümkün ola bilər. Güclü Azərbaycanla hərbi-siyasi qarşıdurma zəif Ermənistanı geopolitik xəritədən silə bilər. Digər tərəfdən, rəsmi Bakı indiyə qədər Paşinyan hakimiyyəti ilə sülh danışıqları aparıb. Bir neçə məqam üzrə anlaşma ehtimalları yaranıb və prosesin davam etməsi üçün Paşinyanın hakimiyyətini qoruya bilməsi daha sərfəli variant kimi görünür. 

Çünki Ermənistandakı mövcud hakimiyyət devriləcəyi təqdirdə, onu böyük ehtimalla radikal-revanşist siyasi düşərgə əvəzləyə bilər. Bu düşərgə isə daha çox populizm üzərində fokslaşıb. Ermənistanda revanşist-radikalların hakimiyyəti olarsa, hər şeyi yenidən başlamağa ehtiyac yarana bilər. İlk növbədə erməni revanşist-radikallara reallığı anlatmaq üçün Azərbaycanın yenə də "dəmir yumruq" təlimini bir neçə dəfə təkrarlaması lazım gələcək. 

Məhz "dəmir yumruq" təlimindən sonra erməni revanşist-radikallar da Paşinyan hakimiyyətinin indi tutduğu mövqeyə qayıtmalı olacaq və  məcbur qalıb, Azərbaycanın diqtə etdiyi şərtlər üzərindən sülh sazişini imzalamalı olacaqlar. 

Təbii ki, yekun nəticə baxımından, Ermənistanda hakimiyyətdə hansı qüvvənin olması Azərbaycan üçün prinsipial əhəmiyyət daşımır. Sadəcə, bizim üçün zaman itkisinin qarşısının alınması baxımından, baş nazir Nikol Paşinyanın öz hakimiyyətini qoruya bilməsi daha çox sərfəli ola bilər”.