ŞƏT-də ŞƏRTLƏR... – “Putin və Ərdoğan erməni təxribatını mütləq müzakirə edəcəklər” – Təhlil 

Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlət başçılarının assosiasiyanın genişləndirilməsi ilə bağlı bir sıra qərarların qəbul ediləcəyi sammiti keçiriləcək. Son üç ildə ilk dəfə əyani keçiriləcək sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Toplantıda Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə onun səfəri ləğv olunub.

BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli mövzu ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, bu sammit iqtisadi əməkdaşlıq baxımından kifayət qədər önəmlidir: 

“Çünki bura böyük iqtisadi potensiala malik Çin və Hindistan daxildir. Bu mənada ŞƏT-ə daxil olan ölkələr onlar ilə əməkdaşlığı genişləndirməyə çalışırlar. Düşünürəm ki, sammit çərçivəsində iqtisadi əməkdaşlığa yeni üzvlərin qəbul olunması diqqət mərkəzində olacaq. Eyni zamanda Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələrin Rusiya və Türkiyə prezidentləri tərəfindən  müzakirəsi də gözlənilir. 
Türkiyə dövlət başçısının məsələdəki mövqeyi bəllidir. Ərdoğan Səmərqəndə getməzdən öncə verdiyi açıqlamalarda bildirib ki, Ermənistan bütün bu ambisiyalarından əl çəkməlidir. Öz sərhədləri daxilində fəaliyyət göstərməlidir. Yekun sülhün imzalanması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəlikləri yerinə yetirməsə, gələcəkdə özünə problem yaradacaq. 

Bunlar kifayət qədər ciddi mesajlardır. R.T.Ərdoğan açıq şəkildə Ermənistanın indiyə qədər atdığı bütün təxribatçı addımlarının cəzasını çəkəcəyini də vurğulayıb. Rəsmi İrəvana Rusiyanın da təsir imkanları kifayət qədər böyükdür. Bunu nəzərə alaraq Putin və Ərdoğan məsələni mütləq müzakirə edəcəklər. 

Düşünürəm ki, Paşinyan ŞƏT-in sammitinə getməkdən imtina etsə də, orda Ermənistanı müəyyən yola çəkmək cəhdləri olacaq. Eyni zamanda toplantıdan sonra Putin, Ərdoğan və Əliyev görüşünün keçirilməsi də mümkündür . Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki gərginlik başlıca müzakirə predmeti olacaq. 

Bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Ona görə əsas diqqət rəsmi İrəvanın üzərinə yönəlib. İndi Ermənistan iqtisadi və  siyasi cəhətdən tükənib. Bu mənada düşünürəm ki, o hazırkı vəziyyətdən sadəcə olaraq nəticə çıxarmalıdır”.