Prezidentin Səmərqənd görüşləri! – “Təhlükəsizliyimizin formalaşdırılması üçündür”

Sentyabrın 15-də Səmərqənd şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Görüşdə R.T.Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezidentimizə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verib. O, Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları qeyd edilib.  Bu gün isə dövlət başçımız Səmərqənddə Rusiya Prezidenti Vladimir Putin və  R.T.Ərdoğan ilə görüşəcək.

Görüşü şərh edən analitik Aqşin Kərimov “Sherg.az”a bildirib ki, Azərbaycan sərhəddəki sonuncu toqquşmalardan sonra bir sıra ərazi nailiyyətlərinə və strateji uğurlara yiyələnib: 

“Bununla da region üzərində Rusiya-Qərb rəqabətindən doğan "qara bulud" topası yaranıb. İndi Rusiya və ABŞ  rəqabəti Cənubi Qafqazda yeni fazaya daxil olub. Əslində hazırda hər bir tərəf istər Qərb, istər Rusiya, istərsə də Türkiyə və digərləri  Azərbayacan-Ermənistan münasibətlərinin sülh müqaviləsi ilə yekunlaşmasının tərəfdarıdırlar. 

Sadəcə böyük güclər maksimum dərəcədə sülh mətnində öz maraqlarını təmin etmək uğrunda yarışa çıxıblar. Bu da Cənubi Qafqaz məkanını daha təhlükəli məsələlərə hamilə edir. 

Hesab edirəm ki,  Azərbayacn Prezidentinin Səmərqənddə Türkiyə və Rusiya dövlət başçıları ilə  apardığı danışıqlar bizim müəyyən təhlükəsizliyimizin formalaşdırılması üçündür. Bundan sonra Azərbaycan Qərblə də təmaslarını genişləndirəcək.

 Qərbdən Azərbaycana hər nə qədər təhlükə plazması axsa da, bu ümumilikdə Azərbaycanın onunla münasibətlərindəki  baza prinsiplərinə sarsıdıcı zərbə vurmur. Çünki Azərbaycan Qərblə də münasibətlərin inkişafında maraqlıdır. Bu maraqlarını da enerji layihələri ilə daha da möhkəmləndirir”.