Bayramovun ABŞ səfəri! – “Pelosinin əsassız ittihamlarına etirazımızı...”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov  XİN başçısının ABŞ səfərindən “Sherg.az”a danışarkən bildirib ki, Ermənistan-Azərbayacan dövlət sərhəddində baş verən proseslərin və  ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən zamanı yaşanan gərginliyin fonunda C.Bayramovun ABŞ-yə getməsi çox önəmlidir:

“Çünki  hazırda mövcud vəziyyəti BMT tribunasından çatdırmaq lazımdır.  Dünya ictimaiyyəti bunu bizim dilimizdən tam ətraflı şəkildə eşitməlidir. Uzun illər ərzində dünya ictimaiyyəti belə başa düşürdü ki, Ermənistan-Azərbaycan münaqişəsində ermənilər məzlumdur, bizsə onları əzirik. 

Amma artıq dünya bununla bağlı bir çox həqiqətləri bilir. İndi detallı şəkildə onlara əsl həqiqətləri çatdırmalıyıq. Bundan sonra, bəlkə, bəzi dövlətlər Azərbaycanın nə dərəcə haqlı olduğunu anlayar.

 Eyni zamanda indi BMT tribunasından Pelosinin Ermənistana səfəri zamanı ölkəmizə qarşı səsləndirdiyi əsassız ittihamlara da etirazımızı bildirə bilərik. Belə olduğu halda ABŞ özünü hər nə qədər hegemon dövlət adlandırsa da, digər dünya dövlətləri tərəfindən müəyyən mənada qınanacaq. 

Bu da onun özünə çəki-düzən verməsində faydalı olacaq. Düşünürəm ki, C.Bayramovun ABŞ səfəri Azərbaycanın regionla bağlı bir sıra nüanslara diqqət çəkməsi üçün olduqca önəmlidir”.