“Azərbaycan Respublikasında 160 mindən çox müəllim işləyir”
"Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə ilə 1 manatdan pul toplansa, böyük bir büdcə formalaşar”
“Lakin məcburiyyət doğru deyil”
"Türkiyəyə yardım etmək üçün müəllimlərdən əmək haqqı tutulması ilə bağlı dünəndən sosial platformalar üzərində informasiyalar yayılır".
Bu sözləri "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, müəllimlərin üzərinə bir məcburiyyət düşüb:
"Əslində proses könüllülük prinsipi əsasında həyata keçirilməlidir. Amma görürük ki, konkret şablon hazırlanıb. Düzdür, Elm və Təhsil Nazirliyi (ETN) bunu təkzib edib. Amma istənilən halda, ETN-nin məlumatı olmasa belə, qurumun tabeliyindəki hər hansı təşkilatın mütləq ki, xəbəri var.
Bilirik ki, müəllimlərin işi məşəqqətlidir. Onların əmək haqlarının qədərindən də xəbərdarıq. 6 fevraldan bu günə qədər imkan daxilində Türkiyəyə yardımlar göstərməyə də çalışıblar".
Mütəxəssis vurğulayıb ki, Azərbaycan Respublikasında 160 mindən çox müəllim işləyir:
"Nəticə etibarilə, hərəsi 1 manatdan pul toplasalar, kifayət qədər məbləğ yığılar, böyük bir büdcə formalaşar. Lakin məcburiyyət doğru deyil. Bunu həqiqətən könüllülük əsasında etməlidirlər. Yaxud da Pedaqoji Şurada yardımla bağlı ödəniş məsələsi müzakirəyə çıxarılmalıdır. Yalnız Şuranın müsbət rəyi olduğu halda pul yığıla bilər. Əks təqdirdə hər bir müəllimə ərizə yazdırmaq, əmək haqqıdan tutmaq yolverilməzdir. Düzgün yanaşma deyil".
Qeyd edək ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşım edib. O yazır:
"Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunan Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) adlı QHT belə bir rəsmi ərizə forması tərtib edib, məktəblərə yollayıb. Məktəb direktorları da ETN yanında İctimai Şuranın adını görüb, həmçinin buna nazirliyin rəsmi şəxslərinin də təzyiqi var, onsuz da sosial qayğılar, maddi ehtiyaclar içində boğulan müəllimlərə "könüllü" olaraq, imzaladırlar".