"Trend(ə)yol" bağlanır? - “Bunu sağlam rəqabət adlandırmaq olmaz”


"İlk növbədə, bildirmək istərdim ki, Türkiyənin "Trendyol" platformasından istifadə etmirəm. Yəni qərəzli mövqeyimi kənarlaşdırıram. Çox təəssüf ki, dövlət nəzarətini həyata keçirən bir məmurun fikirləri bu istiqamətdədir".
Bunu "Sherg.az"a iqtisadçı Fuad İbrahimov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının Azərbaycanda “Trendyol”un haqsız rəqabət ehtimallarının olması barədə fikirlərindən danışarkən deyib. O diqqətə çatdırıb ki, mütəxəssisin bazara ucuz malın daxil olmasının qarşısını almaq məqsədilə çıxışında söylədiklərini sağlam rəqabət adlandırmaq olmaz:

"Məlum münasibət yanlışdır. Elə bu səbəbdən hazırda Türkiyədə 12 manata satılan dərman Azərbaycanda 65-70 AZN-dir. Mövcud təfəkkürlə iş görülmür. Sağlam rəqabətin nəzəriyyəsi, qaydaları, qanunları var. Nəzərə almaq lazımdır ki, bu gün "Trendyol"dan kim istifadə edirsə, onlara 300 dollara qədər limit qoyulub. Kimsə ölkədə icarəyə götürdüyü mağazanı işlədir deyə insanların əlindən bu limiti də almalıyıq?! Onda belə çıxır ki, məmur ucuz istehlak məhsullarının bazara daxil olmasının qarşısının məhz bu yolla alındığını etiraf edir?! Təəssüf ki, mövcud açıqlama doğru yanaşma deyil. Anlayıram, "Trendyol" müəyyən ticarət obyektlərinin fəaliyyətini çətinləşdirir. Problem isə ondan ibarətdir ki, həmin ticarət mərkəzləri eyni məhsulu baha olaraq, vətəndaşlarımıza sata bilmir. Vətəndaş da 300 dollarlıq limitindən istifadə edir. İstədiyi məhsulları öz istehlak səbətinə qoyur. Görünür, ticarət mərkəzlərinin sahibləri yığışaraq, "Trendyol"a qarşı mübarizə aparmağa çalışırlar. Amma səsləndirilən fikirlər sağlam deyil, absurddur".

Qeyd edək ki, “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda tədbir keçirilib. Konfransda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı bildirib ki, Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin "Trendyol" platformasına məxsusdur:
""Trendyol"un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər. Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası mövcuddur. "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir".