Türkiyəli jurnalistlər “humanitar” şounu izləyiblər 

Qardaş ölkənin media nümayəndələri bunu açıq-aşkar sərhəd-keçid məntəqəsindən müşahidə ediblər. İşğaldan azad olunan ərazilərdə səfərdə olan Türkiyənin media nümayəndələri Zəngilandan sonra Laçına gəliblər.

"Sherg.az" xəbər verir ki, əvvəlcə onlar Laçın dövlət-sərhəd buraxılış məntəqəsinə baş çəkiblər. Ermənilərin dövlət sərhəd-buraxılış məntəqəsindən keçidini izləyən qonaqlar daha sonra Laçın şəhərinə yola düşüblər.

Həmçinin, onlar Ermənistan tərəfində yük maşınlarının dayandırılmasını və bununla da Ermənistanın siyasi şou yaratmaqla təxribata əl atmasının da şahidi olublar. Qardaş ölkənin media nümayəndələri bunu açıq-aşkar sərhəd-keçid məntəqəsindən müşahidə ediblər.
  
 Mövzu ilə bağlı “Sherg.az”a  açıqlama verən tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib ki, qarşı tərəfin bu barədə yaydığı dezinformasiyalar bizim dünya dövlətləri qarşısındakı imicimizə zərbə vurur:

"Onlar tərəfindən bölgəyə dəvət olunmuş qərəzli media işçiləri həqiqəti əks etdirməyən, yalanlarla dolu xəbərlər çatdırırlar. Təbii ki, bunun qarşısını almaq üçün istər Türkiyədən,  istər Rusiyadan istərsə də başqa xarici ölkələrdən media nümayəndələri dəvət etmək və işğaldan azad olunmuş torpaqlarımıza aparmaq lazımdır. Onlara sübut etməliyik ki, Qarabağdakı bu separasit  rejimin işi gücü ancaq yalançı PR-la məşğul olmaqdır. Onlar nə ərzaq qıtlığı yaşayır, nə də nəzarət buraxılış məntəqlərində çətinliklər yaşayırlar". 

Professor vurğulayıb ki, ikinci bir ciddi məsələ Beynəlxalq İnformasiya Agentliklərinin burada nümayəndəliklərinin olmamasıdır: 

"Onların burada öz nümayəndəliklərini açılmasına şərait yaratmaq lazımdır. Ən azından o agentliklərin ofisləri yaradılmalı və onlar üçün işləyən yerli jurnalistlər olmalıdır. İnformasiyanı Ermənistan tərəfindən dəvət olunmuş qərəzli jurnalistlər deyil, obyektiv media nümayəndələrinin yayması üçün bu addım artıq zəruridir. Biz adətən Ermənistanın dezinformasiyalarını gözləyib onlara cavab verməklə məşğuluq və bu müəyyən çətinliklər yaradır. Doğrudur, qardaş Türkiyənin media nümayəndələrinin bu torpaqları ziyarət etməsi, prosedurları izləyib həqiqətləri dünya ictimaiyyətinə çatdırması çox gözəl bir addımdır. Lakin  nəzərə almaq lazımdır ki, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bağı bütün dünya tərəfindən bilinir və bu hal Türkiyə  media orqanları tərəfindən bu mövzuda dünyaya çatdırılan xəbərlərin effektivliyini azaldır. Dünənə qədər biz Rusiya mediasının qərəzliliyindən şikayət edirdiksə, indi görürük ki, bütün dünyada vəziyyət o yerdədir. Çünki əvvəldən dünya dövlətlərində bu məsələ ilə bağlı yanlış təsəvvür var. Bu vəziyyəti lehimizə çevirmək və gerçəkləri yaymaq istəyiriksə, indiki vəziyyətlə bağlı müxtəlif dillərdə kitabçalar, məlumat büroşurları, Qarabağdakı vəziyyətlə bağlı yığcam video roliqlər hazırlamalı və dünya mediası vasitəsilə bunları yaymalıyıq ”.