Tehranın Zəngəzur məsələsində əndişəsi başadüşüləndir

Çünki Qarabağ işğaldan azad olunduqdan sonra İran qeyri-qanuni milyonlarla gəlirindən məhrum oldu


  “Abdullahian (İran xarici işlər naziri – red.) dedi ki, İran sülh sazişini və sülh proseslərini dəstəkləyir, lakin şərt qoyub. İran XİN rəhbəri bildirdi ki, biz sərhədlərin heç bir geosiyasi dəyişikliyini və ərazi bütövlüyünün dəyişdirilməsini qəbul etməyəcəyik. Bura Zəngəzur dəhlizi də daxildir”.
  
Bu sözləri iranlı politoloq Pouya Hüseyn erməni mediasına açıqlamasında Türkiyə və İran XİN başçılarının görüşündə Hüseyn Əmir Abdullahianın Azərbaycan və Ermənistan arasında sülh sazişinə tərəfdar olduqları barədə fikrini şərh edərkən deyib.
  
O bildirib ki, Ermənistanın sərhədləri “qorunub saxlanılsa”, geosiyasi sərhədlər heç bir dəyişikliyə məruz qalmasa, İran Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarı olacaq: “Abdullahian dedi ki, İranın tarixi yolları, tranzit yolları bağlanmamalıdır, söhbət Zəngəzur dəhlizindən gedir; Ermənistan vasitəsilə Avropaya, Rusiyaya gedən tarixi yoldur, o, bu tarixi yolu nəzərdə tutur. Yəni Ermənistanın sərhədlərinin qorunub saxlanması halında İran dəstək verəcək”.
  
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki,  İran tərəfindən Ermənistanmeylli açıqlamaların səsləndirilməsi  ilk dəfə deyil: “Xüsusilə Zəngəzur dəhlizinin açılması və bölgədə tranzit yolların aktivləşməsi məsələləri gündəmə gəldikdən sonra İran tərəfi dəfələrlə Azərbaycanın guya Zəngəzurda hərbi əməliyyatlar aparacağı və  Ermənistan ərazilərində işğal siyasəti həyata keçirəcəyi ilə bağlı açıqlamalar verir. Bununla Azərbaycanı haqsız vəziyyətə salmaq və beynəlxalq aləmdə təcridinə cəhd göstərir. Azərbaycanı beynəlxalq arenada ittiham edən ölkələr Ermənistan, İran və Rusiyadır. Amma onların  bütün cəhdləri uğursuzluqla nəticələnir. Buna səbəb sözügedən dövlətlərin heç birinin beynəlxalq hüquqda və ictimaiyyətdə birmənalı qarşılanmamasıdır. Ermənistan 30 ildir  davam etdirdiyi işğal siyasəti ilə, İran Yaxın Şərqdə, Qarabağda və bir çox bəzi bölgələrdə terrora verdiyi dəstəyi ilə, Rusiya isə Ukrayna işğalı, Gürcüstana müdaxilələri və bir sıra işğalçı siyasəti ilə dünya dövlətləri arasında nüfuzlarını itiriblər”.  
  H.Səhrablı vurğulayıb ki, İranın yenidən Zəngəzur məsələsini gündəmə gətirib Azərbaycana qarşı bəyanatlar səsləndirməsi başadüşüləndir. Çünki Qarabağ işğaldan azad olunduqdan sonra İran qeyri-qanuni milyonlarla gəlirindən məhrum oldu: “Dünya dövlətləri ilə iqtisadi əlaqələrinin korlanması fonunda ciddi maliyyə itkiləri ilə üzləşən İran üçün qeyri-qanuni gəlirlər, əlbəttə ki, müstəsna bir hal idi. Qarabağın işğaldan azad olunması onsuz da  İrana çətinliklər yaradır. Digər yandan,  Zəngəzur Ermənistandan alınıb yenidən Azərbaycanın tam, suveren sərhədlərinə qatılarsa, bu halda İran özünün növbəti qeyri-qanuni bazarı olan Ermənistan və Ermənistan üzərindən dünyaya açılışını müəyyən dərəcədə itirmiş olacaq. Eyni zamanda bölgədə geosiyasi balans dəyişəcək və burada Azərbaycan-Türkiyə faktoru indikindən daha müstəsna və güclü müstəvidə təmsil olunmağa başlayacaq. Bu, ən başda İranın regional maraqlarına ciddi zərbədir. İran artıq Cənubi Qafqaza nəzarəti tamamilə itirəcək”.