"Qafqaz Evi”nin reallaşmasına həmişə "erməni faktoru" əngəl törədir  - TƏHLİL

Ancaq hesab etmək olar ki, Cənubi Qafqazın inkişaf mərhələsinə və regional layihələrin effektiv icrası dövrünə o qədər də çox qalmayıb

"Qafqaz Evi" ideyasını  ilk dəfə Mirzə Fətəli Axundov irəli sürüb. O illərdə Axundov Qafqazda bu ideyanın üzərində işləyəndə Gürcüstanda İlya Çavçavadze, Ermənistanda isə Xaçatur Abovyan etnik millətçilik ideyası üzərində işləyirdilər. İdeya həm Axundovun, həm də Mirzə Bala Məmmədzadənin fikirlərində əsas yerlərdən birini tuturdu. Məhz XIX əsrin sonlarında Qafqaz maarifciləri arasında bu ideya barədə ilkin müzakirələr gedirdi və onlar ideyanın təbliğini mühüm hesab edirdilər. 

Üzeyir Hacıbəyovun "Biz hamımız qafqazlı balasıyıq" adlı məqaləsində də ideyanın region üçün əhəmiyyətli olduğu qeyd edilib. "Qafqaz birliyi”nin əsas müəlliflərindən biri olan Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də qafqazlı mühacirlər Azərbaycan Cümhuriyyətinin Paris nümayəndəliyinə yığışaraq "Qafqaz konfederasiyası"nı müzakirə ediblər. Beləliklə, Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan nümayəndə heyətləri arasında müştərək saziş imzalanıb. Ancaq sonrakı proseslər sazişin həyata keçirilməsinə mane olub. 


Rəsulzadənin və onun mühacirətdəki gürcü dostlarının fəallığı ilə 1952-ci ildə Almaniyanın Münhen şəhərində Ümumqafqaz konfransı keçirilib və Rəsulzadə orada Qafqazın gələcəyi ilə bağlı fikirlər irəli sürüb. Nəzərə çatdıraq ki, "Qafqaz Evi” ideyasının qızğın tərəfdarı kimi azərbaycanlılar xüsusi fəallıq göstəriblər. Mühacirlərin yaşadığı ölkələrdə Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə əlbir çalışıblar. Təəssüf ki, həmin dövrdə də ermənilər "Qafqaz Evi”nə münasibətdə destruktiv mövqe tutduqlarından, region xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı həyata keçirmək mümkün olmayıb. SSRİ dağılandan sonra ideya yenidən ortaya çıxıb. 

Ümummilli lider Heydər Əliyev dəfələrlə Qafqaz ölkələrinin hansısa birlik şəklində birləşməsinə dair təkliflər səsləndirib. İdeya daha sonra Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl və Gürcüstanın sabiq rəhbəri Mixail Saakaşvili tərəfindən də dilə gətirilib. 1992-ci ilin sentyabr ayında Çeçenistanın ilk prezidenti Cövhər Dudayev Qroznıda "Ümumi Qafqaz Evi”" təşkilatının üzvləri üçün "dəyirmi masa"nın təşəbbüskarı oldu. "Ümumi Qafqaz Evi" forum kimi qeydiyyata alındı və onun başçısı prezident Cövhər Dudayev təyin edildi. Lakin Qafqaz evinin ümumi forumunun yaradılması ideyası Çeçenistanda müharibənin başlanması ilə dayandı. 1996-cı il martın 8-də ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı 2 dövlət başçısının imzaladığı birgə Bəyannamə "Ümumi Qafqaz Evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcı oldu. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması "Ümumi Qafqaz Evi” ideyasının həllini xeyli çətinləşdirdi.

Lakin son baş verən proseslərdən sonra Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komanda İlham Əliyevin  ötən il oktyabrda Tbilisidə irəli sürdüyü “Qafqaz evi” ideyasının reallaşması üçün şərait yaranır ifadələri yenidən gündəmə gəlib. 


Strateji əhəmiyyətinə görə "Qafqaz Evi” Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının təhlükəsizlik və əməkdaşlıq təşkilatı kimi qiymətləndirilir. Hazırki vəziyyətdə bu ideyanın gerçəkləşməsi ehtimalı və gerçəkləşərsə regiona təsirləri barədə “Sherg.az”a açıqlama verən siyasi şərhçi  Elçin Xalidbəyli  bildirib ki, Cənubi Qafqaz bütün proqressiv layihələrin reallaşması üçün böyük potensiala malik olan regiondur. Yəni, bu regionda yaşayan insanları yüksək rifaha çatdırmaq üçün geoiqtisadi resurslar kifayət qədərdir:



 “Bu proses "Qafqaz Evi” layihəsi üzrə də uğur qazana bilər. Sadəcə, indiki situasiyada bütün Qafqaz xalqlarının ortaq inkişaf prosesinə start verilməsinə yalnız "erməni faktoru" əngəl törədir. Cənubi Qafqazda erməni separatizmi və erməni terrorizmi mövcud olduqca bu regionda proqressiv layihələrin icrası müəyyən problemlər ilə üzləşməkdə davam edəcək. Ona görə də, Cənubi Qafqazın ilk növbədə "erməni faktoru"nun təsirindən çıxartmaq vacibdir. Bu məsələ isə hazırda Azərbaycan dövlətinin qətiyyətli addımları ilə həll etməyə başlayıb. Bu baxımdan, hesab etmək olar ki, Cənubi Qafqazın inkişaf mərhələsinə və regional layihələrin effektiv icrası dövrünə o qədər də çox qalmayıb”.