“Xankəndiyə getmək mənim üçün toy-büsat olurdu” 

Ceyran Əzizova: “Sübh çağı küçələrdə yanan işıqlar bir möcüzə idi”

“Xankəndiyə gedənlər Xocalıdan keçəcək, çünki yol elədir. O qədər qarışıq hissdir ki... Bilmirsən sevinəsən, yoxsa ağlayasan...”

  Xankəndidəyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib, dövlət strukturlarının da yerləşməsi və fəaliyyəti bərpa edilir. Qalır, xankəndlilərin – Xankəndinin azərbaycanlı əhalisinin doğma şəhərə qayıtması. Çox yaxın günlərdə buna da şahid olacağıq. Əminəm ki, xankəndlilərin ürəyi çırpınır indi. Ustad Şəhriyar belə deyirdi: “... Bir uçaydım bu çırpınan yelinən, bağlaşaydım dağdan axan selinən, ağlaşaydım uzaq düşən elinən, bir görəydim ayrılıığı kim saldı? Ölkəmizdə kim qırılıb, kim qaldı?”. Xankəndlilər də doğma şəhərlərini görməyə tələsir. Vaxtilə gəzdikləri, gördükləri yerlər indi necədi, 30 il əvvəl qoyub çıxdıqları şəhərdə indi nə var, nə yox... Fotolar insanları ovutmaz. Gərək gedəsən, görəsən. Qərara gəldik ki, xankəndliləri və Xankəndinə bələd olanları danışdıraq. Necə xatırlayırlar Xankəndini? İlk müsahibimiz Xocalı sakini, Xocalı faciəsinin canlı şahidi Ceyran xanım Əzizova oldu. Xankəndinin tərifini Ceyran xanımdan eşitdik:

- Mən uşaqlıqdan daima Xankəndiyə anamla və ya böyük bacımla gedib gəlirdim. Uşaqdım, kənddə böyüyürdüm. Xankəndiyə getmək mənim üçün toy-büsat olurdu. Sübh çağı küçələrdə yanan işıqlar mənim üçün bir möcüzə idi. Sonra Xankəndidə təhsil aldım, 2 il ipək fabrikində çalışdım. Həmin zaman 1 il Xankəndidə kirayədə qalmışam. “Kasparov” küçəsi idi, səhv etmirəmsə, evin nömrəsi də “25” idi. İpək fabrikindən işdən çıxırdım, gəzə-gəzə gəlib evə yaxın bir kafe vardı, yanında çörək mağazası, çatırdım ora. Orda bir fincan qəhvə, bir dilim də Qarabağ kətəsi alırdım, naharımı onunla edirdim. Çörək də alıb gedirdim evə. Kinoya, konsertə, kitabxanaya gedirdik. Böyük park vardı, amma içərisi necə idi bilmirəm, heç gəzmədim oranı. Bircə dəfə o parkda qardaşımgillə dondurma yeməyə getmişəm. Şəhər o qədər təmiz, o qədər gözəl idi ki, həm də mədəni. Kimsə bir-birini narahat etmirdi. “Skazka” (“Nağıl”) Univermağı vardı, oranı gəzməyi çox sevirdim. Çox mədəni şəhər idi. Xocalı Xankəndiyə yaxın idi, ona görə biz hər şey üçün ora gedirdik.

- Ceyran xanım, indi necə təsəvvür edirsiniz, Xankəndiyə qayıdışı. Məlumdur, Xocalıdansınız. Amma şübhəsiz ki, Xocalıya - doğma evlərinə qayıdanlar Xankəndiyə də gedəcəklər. Gözlərinizi yumanda Xankəndi küçələriylə necə addımlayacağınızı göz önünə gətirə bilirsinizmi?

- Açığı, Xankəndiyə gedənlər Xocalıdan keçəcək, çünki yol elədir. Əvvəlcə Xocalı, sonra Xankəndi. O qədər qarışıq hissdir ki... Bilmirsən sevinəsən, yoxsa ağlayasan... Bircə onu bilirəm ki, şəhidlərimizin ruhu bizi gözləyir.