Mənzil bazarında bahalaşma 20 faizi ötüb

Qiymət artımı daha çox köhnə tikili binalarda qeydə alınıb
 
 Bu ilin ilk 9 ayında mənzil bazarında qiymətlər 10 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin üçüncü rübü ərzində mənzillərin dəyəri orta hesabla 2,8 faiz, ötən ilin üçüncü rübü ilə müqayisədə isə 10,1 faiz artıb. Bahalaşmanın böyük olması həm ilkin, həm də təkrar mənzil bazarında baş verib. Son bir ildə təkrar mənzil bazarında qiymətlər 10 faiz, ilkin mənzil bazarında 8 faiz artıb.
  
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə “Sherg.az”a açıqlamasında deyib ki, cari ilin ilk 9 ayında mənzil bazarındakı qiymətlərlə bağlı Statistika Komitəsinin açıqladığı 10 faiz bahalaşma real bazar qiymətləri ilə müqayisədə çox azdır: “Faktiki mənzil bazarında bahalaşma 20 faizi ötüb. Ötən ilin sentyabr ayından etibarən daşınmaz əmlak bazarında kəskin bahalaşma müşahidə edilməyə başlayıb. Lakin indi qiymətlər stabilləşib. Ümumiyyətlə, Azərbaycanın daşınmaz əmlak bazarında 4-5 ildən bir qiymətlər sürətlə artır”.
  R.Qasımzadə bildirib ki, qiymət artımı daha çox köhnə tikili binalarda qeydə alınıb. Yeni tikililərdə qiymət artımı daha azdır. Təmirsiz yeni binalarda mənzillər 15 faiz bahalaşıb: “Ötən ilin dekabr ayında Nərimanov rayonu ərazisində köhnə tikili 1 otaqlı mənzillərin qiyməti 75-80 min aralığında idi, hazırda bu rəqəm 95-100 min manat aralığındadır. Ən çox bahalaşan isə "Leninqrad" layihəli evlərdi. İpoteka ilə alına biləcək ən ucuz mənzillər məhz bu tipli binalardadır”. İnsanlar bir müddət əvvəl yeni binalardan ipoteka ilə mənzil ala bilirdi. Qiymətlər indi elə həddə bahalaşıb ki, ipoteka ilə yeni tikili mənzil almaq çox çətindir. Ona görə də ipoteka ilə alış mümkün olan köhnə binalara maraq artıb”.
Ekspert hesab edir ki, Azərbaycanda insanlar gəlirlərini artırmaq üçün əllərində olan pulu daşınmaz əmlak sahəsinə yatırırlar: “Bizdə qiymətli kağızlar bazarı məhdud olduğundan insanlar pulu ya banka qoyur, ya da ev alır. Bankların bağlanması, əmanət faizlərinin az olması insanların bu sahəyə marağını azaldır, əsas diqqəti kirayə mənzil bazarına yönəldirlər. Üstəlik, Azərbaycanda hər il 60 min ailə qurulursa, bu ailələrin də əksəriyyəti potensial mənzil müştəriləridir. Tikilən evlərin sayı isə mənzilə ehtiyacı olan ailələrin sayına adekvat olmadığı üçün daşınmaz əmlak bazarında hər il qiymət artımı müşahidə edilir. Bir sözlə, bahalaşmanın əsas səbəbi mənzil bazarında tələbin təklifi üstələməsidir”.