Rusiya-Ukrayna müharibəsi: 2024-cü il PROQNOZ

Çox yaxın gələcəkdə Qərb və Ukrayna üçün pis xəbərlərə hazırlaşın.

Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya TŞ-nin iclasında deyib.

“Kiyev rejiminin hərbi planları tam fiaskoya uğradı. Ona görə də Zelenski və onun dəstəsi üçün yeni hərbi və maliyyə yardım paketlərinin Vaşinqtonda və ya Brüsseldə təsdiq edilib-edilməməsindən asılı olmayaraq, çox yaxın gələcəkdə ən pis xəbəri gözləyin”, - Nebenzya bildirib.

Diplomat Rusiya üzərində hərbi qələbəni əlçatmaz adlandırıb.

Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, bu tipli açıqlamalar ilə Rusiya öz mövqeyini və gücünü şişirdir:
"Rusiya açıq şəkildə bildirir ki, nə qədər yardım edirsizsə edin, Ukrayna müharibənin qalibi olmayacaq. Rəsmi Moskvanın sözlərində bəzi həqiqət çalarları var. Belə ki, doğrudan da Ukraynanın hücum planı uğursuz oldu. Artıq Ukrayna Ordu Komandanlığı döyüşməyin əhəmiyyətsiz olduğunu, bacarmayacaqlarını söyləyir. Zelenski hücumla bağlı nə qədər israr etsə də reallıqlar bundan ibarətdir".

T.Rzayev müharibəyə Rusiya nöqteyi-nəzərindən də yanaşıb. Bildirib ki, rəsmi Moskvanın açıqlamalarında Avropaya pul ayırmağın mənasız olması ilə bağlı psixoloji təsirlərinin şahid olmaq mümkündür:

 "Doğrudur, Ukrayna böyük ehtimal qələbə qazanmayacaq. Amma hələ ki, mübarizəni davam etdirə biləcək gücdədir. Tamamilə çöküb və ya Rusiya ordusunun qarşısından qaçmayıb. Hazırda müharibə zonasında sakitlik höküm sürür. Bu səbəbdən Ukrayna ordusunun birmənalı olaraq çökdüyünü demək üçün tezdir".