Rəisi də Türkiyəyə gedir - Siyasi arenada həlledici dönəm!

Yanvarın 4-də İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri nəzərdə tutulub.
Səfər çərçivəsində bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi ilə yanaşı, Türkiyə ilə İranın xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq istiqamətində addımlar atması gözlənilir. Digər tərəfdən, 2012-ci ildə iki ölkə arasında 22 milyard dollara çatan ticarət həcmi sanksiyalar və pandemiya səbəbindən azalaraq təxminən 6 milyard dollara düşüb. Bu rəqəmin 30 milyard dollara yüksəldilməsi hədəflənir.

Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin podratçı şirkətləri İranda ümumi dəyəri 4,6 milyard dollar olan 56 layihəni öhdəsinə götürüb.

Yanvarın sonunda Tehranda keçiriləcək Birgə İqtisadi Komissiyanın iclasında iki ölkə arasında ticarətin inkişafı istiqamətində səylərin artırılması gözlənilir.

Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Türkiyə ilə İran arasında daha üç sərhəd-keçid məntəqəsi (Gürbulaq, Qapıköy və Əsəndərə) qurmaqla onların sayını artırmaqdır. İran tərəfinin razılığı ilə daha iki məntəqənin açılması nəzərdə tutulur.

Səfər zamanı iki ölkə arasında ümumilikdə on anlaşma müqaviləsinin imzalanacağı təxmin edilir.

İran Prezidenti ilə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibində İranın xarici işlər, yol və şəhərsalma, ticarət, neft, enerji, daxili işlər və müdafiə sahələri üzrə rəsmi şəxslərinin olması gözlənilir.

Gözlənilən səfərlə bağlı "Sherg.az"a  danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, hazırda Turkiyə, İran və Rusiyanın siyasi, iqtisadi, hərbi sahələrdə əməkdaşlığına böyük ehtiyac yaranıb:

"Xüsusilə yaxın Şərqdəki qarşıdurmalar çərçivəsində sözügedən ölkələrin Qərbin artan təzyiqləri fonunda əməkdaşlıq etmələri zəruridir. Bu istiqamətdə görüş olduqca əhəmiyyətlidir. 2024-cü il siyasi arenada həlledici il ola bilər. Belə ki, Qırmızı dəniz ətrafında böyük bir qarşıdurmanın baş vermə ehtimalı var. Region dövlətlərinin bir-biriləri ilə əlaqəsi qarşıdurmada həddedici rol oynayacaqdır".