Qərbin məmnunsuzluğu: Ukrayna hərbi əməliyyatları qızışdırır?

Ukrayna Silahlı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmir yolunu dağıdıb.
Bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko Teleqramda yazıb.
O bildirib ki, Ukrayna ordusu Qranitnoye kəndi ərazisinə məqsədyönlü və dəqiq zərbələr endirib.
Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb.
Qeyd edək ki, Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, son bir neçə ay ərzində Ukrayna ordusunun hücum taktikasında müdafiə taktikasına keçid etdiyi müşahidə olunur:
"Hətta Ukrayna ordusunun hücum kompaniyasını davam etdirmək imkanı olmadığı barədə məlumatlar yayılırdı. Təbii ki,  bu xəbərlər Qərbdə məmunluqla qarşılanmır. Rusiyanın müharibədə  təşəbbüsü ələ alması xüsusilə ABŞ- da narahatçılıq doğurur. Bu doğrultuda istər ABŞ, istərsə də Qərb rəsmi Kiyevə dəstək verməkdə maraqlı deyillər. Belə ki, ABŞ və Qərbdə dəstəyin kəsilməsi istiqamətində çağırışlar çoxalıb".

Politoloq Ukraynanın hərbi əməliyyatları daha da qızışdırmaqla yenidən hərbi dəstək almaq istədiyini söyləyib:
"Yəqin ki Ukrayna önümüzdəki bir neçə həftə ərzində əlindəki resurslardan istifadə edərək Rusiya qarşısında geri çəkilmək niyyətində olmadığını qabartmağa çalışacaq.  Bununla ABŞ və Qərbin yardım etmə vacibliyini sübut etməyə çalışır. AB-nin də Ukraynaya yardımlarında narazılıqlar artıb. Əgər toqquşmalar səngidikdən sonra sülh danışıqları başlayacaqsa, bu zaman Rusiya xeyrinə qərarlar qəbul ediləcəkdir".