Ortaq Türk Əlifbası: Türkiyə, Azərbaycan və Şimali Kipr hazırdır

Digər türk dövlətlərinin də tezliklə latın qrafikasına keçəcəyi inamı artır

  Bu ilin sentyabr ayında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul olunub. Bu, tarixi bir addımdır. Bunu Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan Ortaq Türk Əlifbasının qəbul olunmasını Türk Dövlətlərinin gələcəyə birgə addım atmağının nişanəsi kimi qiymətləndirib: “Bundan sonra üzv ölkələr bu əlifbanı əsas götürərək geridönüş etməlidir. Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycan Ortaq Türk Əlifbası keçidə hazırdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın isə yeni əlifbaya keçid üçün təşəbbüs başlatması vacibdir". 

Ortaq türk əlifbasının türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etdiyini, türk dövlətlərinin birliyni daha da gücləndirdiyini  bildirən Uluslararası “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, 1991-ci ildən etibarən bu istiqamətdə çalışmalar aparılıb. Nəhayət, gözlənilən qərar bu ilin sentyabrında verildi: 

- İndi yeni bir dönəmdir, türk dövlətləri üçün. Çünki ortaq türk qurumları var, onların müəyyən keçmişləri var, strukturlaşıblar, müəyyən təcrübə qazanıblar. Beləliklə, 1991-ci ildən bəri şərti olaraq adlandırdığımız ortaq türk əlifbası üzərində daha peşəkarcasına, ortaq türk qurumları üzərindən işləmək imkanı yaranıb. Həm də zaman çox şeyi  yerinə qoyur, şox şeyi həll edir. Bu məsələyə təkcə elmi cəhətdən, humanitar təfəkkürlə yanaşmayaq. Ümumi beynəlxalq durum bizə müəyyən impulslar verməkdədir. Qarşıda bizi yeni bir mərhələ  gözləyir. Biz türk dövlətləri birliyinə gedən yola çıxıldığına inanırıq. Əgər birgə yola çıxmışıqsa, bizim öz aramızda daha sıx iş birliyi qurulmasına ehtiyac var. Şübhə yoxdur ki, ortaq əlifba türk birliyinin əsas təməl daşlarından biridir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycanın ortaq türk əlifbasına keçidə hazır olduğunu Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü kimi mötəbər bir tədbirdə səsləndirməsi xüsusi əhəmiyyət daşıyır. Bu, onu göstərir ki, Türkiyə, Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyyəti birgə hərəkət edirlər, ortaq türk əlifbasından istifadəyə hazırdırlar.  Digər türk dövlətləri - Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan da bu istiqamətdə  əməli addımlar atılması gözlənilir. Onlar da bu prosesi başlatmalıdırlar. 

  Ə.Qoşalı qeyd etdi ki, Türkiyə və Azərbaycanın ortaq türk əlifbasına keçidi rahat qəbul etməsi bu iki dövlətin latın qrafikasından istifadəsiylə bağlıdır: 
- Qardaş Türkiyədə Cümhuriyyət qurulduqdan az sonra latın qrafikası əsasında formalaşmış əlifbadan istifadəyə başlanılıb. Azərbaycanda da bunun tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Bizim ölkəmizdə sovetlərin ilk illərində, təxminən 10 il latın qrafikasından istifadə olunub. Bu qrafika ilə nəşr olunmuş kitablar var. Sonra isə məlumdur ki, əlifba dəyişikliyi həyata keçirildi və kiril əlifbasına keçildi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa zamanda latın qrafikasına keçildi. Türkmənlər də latın qrafikasına keçiblər. Qazaxlar, özbəklərdə isə latın qrafikası kiril qrafikasıyla paralel işlənir. Rəsmi qərar var, latın qrafikasına keçidlə bağlı, amma hələ reallaşmayıb. Türk dövlətləri birliyinin getdikcə daha da möhkəmlənməsi digər türk dövlətlərinin də tezliklə latın qrafikasına keçəcəyini və ardınca da ortaq türk əlifbasından müştərək istifadənin reallaşacağına inamı artırır. Ortaq türk əlifbasından istifadə etməklə müstəqil türk dövlətlərinin hamısı bu əlifba əsasında eyni səsi eyni işarə ilə qəbul edəcək və bu da dil birliyi və qarşılıqlı anlaşmanı daha da gücləndirəcək.