Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsində mühüm rol oynayır
“Heç bir müsəlman dövləti İslam birliyinə Azərbaycan qədər töhfə verməyib”
“Azərbaycanın siyasəti islamofob dairələrin yaratmağa çalışdığı təsəvvürü darmadağın edir”
Azərbaycan son illərdə müxtəlif beynəlxalq, humanitar və mədəni tədbirlərin keçirildiyi əsas məkanlardan birinə çevrilib.
Bakı müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrini, dini liderləri, alimləri və ictimai xadimləri bir araya gətirərək qlobal və regional məsələlərin müzakirə olunduğu mühüm dialoq platforması kimi çıxış edir. Bu baxımdan Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin sülh, həmrəylik, mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfənin göstəricilərindən biri kimi diqqət çəkir.
Azərbaycan coğrafi və tarixi baxımdan həm Qafqaz, həm də Türk dünyası ilə bağlılığı olan ölkədir. Bu xüsusiyyət Azərbaycanı iki müxtəlif geosiyasi və mədəni məkanın kəsişməsində yerləşən dövlət kimi xarakterizə etməyə imkan verir. Türk Dövlətləri Təşkilatında fəal iştirakla yanaşı, Azərbaycanın Qafqazdakı mövqeyi də onun regional əməkdaşlıq imkanlarını genişləndirir.
Qeyd edək ki, bu günlərdə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi arasında birləşdirici rolunu bir daha nümayiş etdirib. Prezident İlham Əliyev çıxışında İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb, gələn il Bakıda keçiriləcək İƏT Zirvə Görüşünün bu baxımdan mühüm platforma olacağını bildirib. Dövlət başçısı, həmçinin Qarabağın işğalı dövründə Azərbaycana qarşı tətbiq olunan ikili standartlardan danışaraq, ölkəmizin ərazi bütövlüyünü öz gücü hesabına bərpa etdiyini diqqətə çatdırıb.
Ölkə başçısının çıxışını şərh edən Milli Məclisin deputatı Sahib Alıyev Sherg.az-a açıqlamasında əminliklə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan Türk dövlətlərinin, eləcə də Qafqazın din xadimləri, görüşdən böyük təəssüratlarla ayrılıblar. Deputat qeyd edib ki, qlobal müstəvidə İslama qarşı aparılan gizli mübarizəni və bunun qarşısında atılmalı addımları onun qədər prinsipial və dəqiq ifadə edə bilən dövlət başçılarının sayı çox azdır:
"İnanmıram ki, hətta onlar belə cənab İlham Əliyev qədər incəliklə Qərbdəki bəlli çevrələrin bu yöndəki fəaliyyətlərini heç nədən çəkinmədən, açıq şəkildə dilə gətirsinlər. Məsələn, desinlər ki: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir”. Əlbəttə, əməllərinin ən yüksək səviyyədə və konkret faktlar sadalamaqla faş edilməsi həmin elan olunmamış müharibəni aparanların heç də xoşlarına gəlmir, gəlməyəcək. Amma cənab İlham Əliyev əgər onların mövqelərini nəzərə alıb siyasət yürütsəydi, indi, bu gün də torpaqlarımız işğal altında idi. Məhz mövqelərini nəzərə almadığımız, 2023-cü ilin sentyabrında Qarabağda separatçılığın kökünü tam kəsdiyimiz üçün aradan heç 4 ay keçməmiş Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Cənab Prezidentin çox haqlı olaraq “rüşvətxorlar və islamofoblar yuvası” adlandırdığı Avropa Parlamenti torpaqlarımızı işğaldan qurtarandan bəri ölkəmiz əleyhinə düz 14 qətnamə qəbul etdi və yəqin yenisinin üzərində də hazırlıq gedir.
Görüşdə vurğulandı ki, müsəlman aləminin gözdən salınması, terrorla eyniləşdirilməsi, müqəddəs “Qurani-Kərim”ə qarşı təhqiredici faktlar kimi, bu da qətiyyən təsadüf deyil. Eyni zehniyyətdən qidalanan məqsədyönlü siyasətdir. Din xadimlərinə bu qədər geniş vaxt ayıraraq, müsəlman aləminə qarşı baş verənləri həm bütövlükdə, həm də bir ölkənin, yəni Azərbaycanın timsalında ətraflı şəkildə çatdırmaqda məqsədin nə olduğu da elə orada açıqlandı. Məqsəd bütün bunlara son qoymaqdır! Bütün bunlara son qoymaq üçünsə cənab Prezident ən azından türk dünyasındakı və Qafqazdakı müsəlmanların birləşməsini istəyir: “Mən bir də qayıdıram ön sözümə ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”. Bax, burada onu da deyə bilərik ki, heç bir müsəlman dövləti məzhəb, təriqət fərqi qoymadan İslam birliyinə Azərbaycan qədər töhfə verməyib. Və yenə heç bir müsəlman dövləti İslama qarşı təbliğatın təsirinin azaldılmasında Azərbaycan qədər effektli, ölçülü-biçili siyasət aparmayıb".
Deputat qeyd edib ki, söhbət ilk növbədə ölkəmizdə təşkil edilən sivilizasiyalararası dialoqdan, Bakı prosesindən, multikultural dəyərlərin təbliği yolunda atılan addımlardan, məscidlərlə yanaşı, xristianların, yəhudilərin dini məbədlərinə göstərilən qayğıdan və sekulyarlıqdan gedir:
" Yəni Azərbaycan yeritdiyi siyasətlə islamofobların müsəlmanlar haqda yaratmağa çalışdıqları təəssüratı darmadağın edir. Qardaş Türk dövlətlərinin və Qafqazın dünənki görüşə qatılan din xadimləri yəqin ki, elə bizim İkinci Qarabağ zəfərini onu qətiyyən arzulamayanlara həzm etdirməməyimizin kökündə də bu siyasətin dayandığını bilir və alqışlayırlar. Arzulardıq ki, onlar ölkəmizin İslam həmrəyliyinin yaranmasında göstərdiyi səyləri, dinimizə qarşı həmlələri necə uğurla neytrallaşdırdığını, Azərbaycan Prezidentinin birliklə bağlı çağırışını ünsiyyətdə olduqları bütün dindaşlarımıza çatdırsınlar".