7 itkinimizdən məlumat yoxdur

Akif Nağı: "Əgər itkin şəxslərimiz bizim torpaqlarımızda olsaydı, nəşlərinin qalıqları tapılardı"

"Ermənilərlə yanaşı, ruslar da bu məsələyə görə məsuliyyət daşıyırlar"


Ermənistan indiyədək ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Ombudsman bildirib ki, missiyasına uyğun olaraq əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayır: “Təkzibedilməz faktlar tədbirlərin görülməsini tələb edir”. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov da deyib ki, Birinci Qarabağ müharibəsində digər diqqətçəkən faktlardan biri də ermənilərin yeniyetmə və gəncləri ailələrindən ayıraraq naməlum yerə aparmasıdır.

O bildirib ki, girov götürüldükdən sonra əvvəlcə Xankəndi şəhərinə, daha sonra naməlum istiqamətə aparılan 9 nəfərin taleyi məlum deyil: “29 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi itkin və girovlarla bağlı heç bir məlumat vermir. Sağlam yeniyetmələrdən ermənilər böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə ediblər. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib. Sonradan onların 17-si saxlandığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur. Sonuncu itkinin taleyi aydınlaşana qədər bu sahədə iş davam edəcək”.

Taleyi bəlli olmayan itkinlərimizlə bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, ermənilərin ağır cinayətləri çoxdur. Birlik rəhbərinin sözlərinə görə, düşmənin qanunsuz və qeyri-insani əməllərindən biri də itkin şəxslərlə, hətta əsir və girov götürdükləri şəxslərlə bağlı məlumatları gizlətmək olub:

“Birinci Qarabağ müharibəsində 4000-nə yaxın insanımız itkin düşüb və onların həyatından hələ də xəbər-ətər yoxdur. 30 ilə yaxın vaxt ötsə də, ermənilər itkinlərimizlə bağlı heç bir sorğuya düz-əməlli cavab verməyib. İkinci Qarabağ müharibəsindən bir ilə yaxın vaxt keçib. Hələ də 7 itkinimiz var. Hər bir Azərbaycan vətəndaşının həyatı bizim üçün önəmlidir. Nəzarətimizdə olan ərazilərdə aylardır ciddi axtarış aparılır, bölgə qarış-qarış nəzərdən keçirilir. Əgər itkin şəxslərimiz bizim torpaqlarımızda olsaydı, nəşlərinin qalıqları tapılardı. Məlumdur ki, Rusiya sülhməramlılarının məsuliyyət dairəsində olan ərazilərdə də ağır döyüşlər gedib, şəhid olanlarımız olub. Həmin bölgədə ruslar və ermənilər axtarış aparıblar. Bəlkə də cəsəd tapıblar, amma bizə bu haqda məlumat verməyiblər. Növbəti dəfə öz düşmənçiliklərini göstəriblər. Ermənilərdən hər cür alçaqlığı gözləmək olar”. 

A.Nağı əlavə edib ki, məsələ daim diqqətimizdə olmalıdır:

“Rəsmi orqanlarımız mütəmadi, fasiləsiz beynəlxalq qurumlara, Rusiyaya müraciət etməlidir. Ermənilərlə yanaşı, ruslar da bu məsələyə görə məsuliyyət daşıyırlar. Ermənistan tərəfi öz yalanlarını yayır, iddia edir ki, guya, 200 nəfər erməni əsgəri itkindir və Azərbaycan onlar haqqında məlumat vermir. Hamısı yalandır. Əlimizdə olan bütün əsirlərlə bağlı tam dəqiq və ətraflı məlumatları vermişik. Ermənilərdən fərqli olaraq indiyədək heç bir informasiyanı gizlətməmişik və gizlətmək fikrimiz də yoxdur”.