Hər şey dağıdılıb, insanların həyatı məhv edilib

"Ümid edirik ki, burada üzüm bağları və yaşıl sahələr yenidən çiçək açacaq"

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri Qarabağ səfərindən danışıblar

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları “Azərbaycana Media Tur” çərçivəsində Şuşa şəhərinə səfər ediblər. Mediatur çərçivəsində Türk Şurası ölkələrinin mətbuat nümayəndələri və müşahidəçiləri Azərbaycanın azad edilmiş ərazilərində olublar. Səfər çərçivəsində xarici jurnalistlər Birinci Qarabağ müharibəsi dönəmində ermənilər tərəfindən güllələnmiş Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün abidəsini ziyarət ediblər. Daha sonra isə Şuşa qalasında və Cıdır düzünə baş çəkiblər. Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan 20 -dən çox jurnalist iştirak edib. Səfər erməni vandalizminin nəticələri, ermənilər tərəfindən Azərbaycanın yaşayış məntəqələrini və tarixi abidələrini məhv etməklə bağlı media nümayəndələrini məlumatlandırmaq məqsədi daşıyır. Üç günlük səfər zamanı jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncəni ziyarət edəcəklər. Jurnalistlər məhv edilmiş müsəlman tarixi və dini abidələrini, qəbiristanlıqlarını da görəcəklər.

“Azərbaycanın ərazilərini işğaldan azad etməsinə çox sevinirik”

Qazaxıstandan olan jurnalist Rauşan Saylauqızı Azərbaycanın azad edilmiş ərazilərinə mediaturu zamanı deyib ki, Azərbaycan qardaş ölkədir və ərazilərin işğaldan azad edilməsi onu çox sevindirir. Gördükləri ilə bağlı təəssüratlarını bölüşərkən, jurnalist Qazaxıstanda tərk edilmiş evlərin olduğunu, lakin Azərbaycanın azad edilmiş ərazilərində tamamilə fərqli bir vəziyyətin müşahidə edildiyini qeyd edib: “Bizdə sakinlər sadəcə olaraq kəndlərindəki evlərini tərk edərək şəhərlərə köçürlər. Amma burada hər şey dağıdılıb, insanların həyatı məhv edilib. Ürəyimdəki ağrı ilə insanların burada necə yaşadıqlarını və evlərindən qovulduqlarını təsəvvür edə bilərəm”. Qazaxıstanlı jurnalist ərazilərin minalardan təmizlənməsi, bərpası və insanların öz torpaqlarına qaytarılması işlərinin tezliklə başa çatdırılmasını arzuladığını bildirib.

“Ümidvaram ki, azad edilmiş Azərbaycan torpaqlarında bir daha müharibə olmayacaq”

Bosniya və Herseqovinadan olan jurnalist Edis Delkoviç bir daha azad edilmiş Azərbaycan torpaqlarında müharibə olmayacağına ümid etdiyini bildirib: “İlk dəfədir Qarabağdayam, bir neçə ölkədən bir qrup jurnalistlə bura gəlmişəm. İlk təəssürat kimi deyə bilərəm ki, Bosniyada yaşadıqlarımızla oxşar cəhətlər var, 1992-1995-ci illərdə bizdə də müharibə olub. Buna görə də müharibənin nə olduğunu çox yaxşı bilirəm. Belə yerləri görəndə deyə bilərəm ki, müharibə həqiqətən qorxunc bir şeydir və ümid edirəm ki, bir daha burada belə bir şey olmayacaq”. 

“Azərbaycanın azad edilmiş əraziləri yenidən çiçəklənəcək”

Qırğızıstanlı jurnalisti Daniyar Carqınbayev də qeyd edib ki, Azərbaycanın azad edilmiş əraziləri yenidən çiçəklənəcək. Carqınbayev gördüklərindən böyük acı hiss etdiyini qeyd edib: “Hər hansı bir müharibə pisdir, anaların kədəri, hər kəsin və bütün xalqın kədəridir. Qəbirlərin necə dağıldığını öz gözlərimlə gördüm, sanki tanklar qəsdən bunları vurublar. Mərmi hissələrinin qalıqları hər yerdədir. Ümid edirəm ki, burada üzüm bağları və yaşıl sahələr yenidən çiçək açacaq”.