İngiltərə Qarabağa yardım ayırdı

Ceyhun Məmmədov: "Xalqımız Böyük Britaniyanın siyasi, maddi və mənəvi dəstəyini heç zaman unutmayacaq"


Böyük Britaniya Dağlıq Qarabağ bölgəsində və ətrafındakı ərazilərdə minaların təmizlənməsi, ərazinin təhlükəsizliyinin təmin olunması üçün yarım milyon funt-sterlinq ayırıb. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına verilən vəsait mina təmizləməsini dəstəkləmək və Dağlıq Qarabağda və ətrafındakı bölgələrdə çirklənmiş əraziləri insanların istifadəsi üçün təhlükəsiz hala gətirmək üçün təlim və kadr hazırlığına kömək edəcək. Xatırladaq ki, İngiltərə 44 günlük müharibədən sonra humanitar dəstək elan edən ilk ölkə olub və zərər çəkmiş insanlar üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 1 milyon funt-sterlinq ianə edib. Həmçinin, rəsmi Londonun müharibə dövründə və sonrakı proseslərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi də məlumdur.

Britaniyalı nazir Vendi Morton qeyd edib ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir. Onun sözlərinə görə, bu bölgələrdən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir: “İngiltərənin ayırdığı vəsait Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan kollektiv səyləri dəstəkləməyə çağırırıq”. Adətən Qərb dünyasından, Avropa ölkələrindən qərəzli mövqe sərgilənməsinin şahidi olmuşuq. Lakin Böyük Britaniya öz müstəqil siyasəti ilə dəfələrlə müsbət mənada bizi təəccübləndirib. İngiltərənin siyasi dəstəyini Vətən savaşı dönəmində də görmüşük. Bu mənada Böyük Britaniyanın postmüharibə dövründəki maddi dəstəyi də bizim üçün xüsusi önəm kəsb edir. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə deyib ki, əfsuslar olsun ki, uzun illər boyu, xüsusən torpaqlarımız işğal altında olduğu müddətdə Qərb ölkələrinin qərəzli yanaşmasının və ikili standartların şahidi olmuşuq. Deputatın sözlərinə görə, Böyük Britaniya o dövlətlərdəndir ki, Vətən müharibəsi dövründə və sonrakı mərhələdə öz neytrallığını qorudu. Hətta Azərbaycana beynəlxalq siyasi dəstəyini əsirgəmədi, eyni zamanda maddi yardımlar etdi:

“Hazırkı həssas dönəmdə İngiltərənin belə mövqe sərgiləməsi yüksək qiymətləndirilməlidir. Çünki Avropada Fransa və s. ölkələr hələ də rəsmi Bakıya ədalətsiz yanaşır, erməniləri müdafiə edirlər. Rəsmi Parisin yanaşması tamamilə qərəzlidir. Amma Böyük Britaniya ilə yanaşı İtaliya da Azərbaycanın haqlı davasına dəstək verən ölkələr sırasındadır. Elə o səbəbdən də Qarabağdakı quruculuq, bərpa işlərinə məhz bu dost ölkələrin şirkətləri cəlb olunmaqdadır. Biz İngiltərə və digər dost dövlətlərlə hərtərəfli əməkdaşlığa xüsusi önəm veririk. Bu ölkələrlə bir sıra layihələr çərçivəsində sıx əməkdaşlıq edirik. Enerji sektoru ilə yanaşı, külək və günəş enerjisi sahələrində Böyük Britaniya ilə ortaq çalışmalar həyata keçirilir. Xalqımız Böyük Britaniyanın siyasi, maddi və mənəvi dəstəyini heç zaman unutmayacaq”.