Gənclərə böyük fürsət tanındı

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Media könüllüləri ciddi və ilkin təcrübəyə malik kadr bazasına çevrilə bilər

Seymur Əliyev: “Bəlli bir müddətdən sonra bu günün media könüllülərinin sabahın jurnalisti kimi fəaliyyətinə şahid olacağıq”


Medianın İnkişafı Agentliyi (MEDİA) “Media könüllüləri” proqramına başlayıb. Agentlikdən verilən məlumata görə, proqramın məqsədi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etməkdir. Həmçinin, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaqdır. Onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün MEDİA və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur. 

“Media könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək. Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün sahə üzrə təhsil, intizamlılıq, təşkilatçılıq, kollektivdə işləmək bacarığı, operativlik, kompüter bacarığı, təşəbbüskarlıq kimi tələblər müəyyən olunub. Proqram 2 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər proqramın sonunda MEDİA tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 5 sentyabrdır. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələrək dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və onların praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Medianın İnkişafı Agentliyində könüllülərin cəlb olunması ilə bağlı müvafiq işlər görülür. 

Məlumat üçün bildirək ki, “Media könüllüləri” adlı layihələr bundan öncə də həyata keçirilib. Ötən ilin iyul ayında Milli Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı Parlament Jurnalistlər Birliyi “Media könüllüləri -145” layihəsini icra edib. Simvolik olaraq 145 nəfər könüllü tələbə seçilib. "Media Könüllüləri" layihəsinin iştirakçılarının xüsusi fəallığı ilə fərqlənənlər jurnalistika üzrə xaricdə təhsil və təcrübə imkanı əldə ediblər. 

“Media könüllüləri” proqramı ilə bağlı fikirlərini “Şərq”lə bölüşən “Moderator.az”ın redaktoru, “veteran.gov.az” saytının baş redaktoru Seymur Əliyev deyib ki, Medianın İnkişafı Agentliyinin hazırladığı “Media könüllüləri” proqramı həm sözügedən proqrama cəlb edilən gənclərin özünün inkişafı, həm də həmin gənclərin enerjisindən, novatorluq keyfiyyətlərindən istifadə edərək medianın özünün yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Redaktor bildirib ki, ölkədəki ümumi könüllülük hərəkatına təkan verən “Media könüllüləri” proqramı hər şeydən öncə maarifçi və yaradıcı bir proqram olmaqla, gənclərin mediaya marağının artırılmasına xidmət edəcək:

“Cəmiyyətdə maarifçilik ideyalarının daha geniş yayılması, gənclərin özlərini, yazı və müşahidə qabiliyyətlərini inkişaf etdirməsi, peşəkar media əməkdaşları ilə ünsiyyət fonunda özlərini təkmilləşdirmələri və s. baxımından mühüm əhəmiyyətə malikdir.

Bildiyiniz kimi, media cəmiyyətin bütün sahələrini diqqət mərkəzində saxlayan, vətəndaşlara informasiya verməklə yanaşı, həm də onları maarifləndirən, cəmiyyətdəki eybəcərlikləri qamçılayan, topluma müsbət, sağlam və faydalı ideyalar aşılayan bir vasitə kimi olduqca dinamik bir sahədir.

"Media könüllüləri"nin məhz belə bir sahədə fəaliyyət göstərməsi onların dünyagörüşlərinin əhəmiyyətli dərəcədə zənginləşməsinə, cəmiyyətdə gedən proseslərdən xəbərdar olmasına, bu prosesləri müqayisəli şəkildə təhlil etməsinə şərait yaradacaq”. 

S.Əliyevin fikrincə, media könüllülərinin fəaliyyəti mövcud mətbuatın gələcəyi baxımından da olduqca faydalıdır:

“Çünki media ilə yaxından əməkdaşlıq, bu sahədə könüllü fəaliyət həmin könüllüləri yaxın gələcəkdə media üçün ciddi və ilkin təcrübəyə malik kadr bazasına çevirə bilər. Nəzərə almaq lazımdır ki, həmin könüllülər MEDİA və digər media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və seminarlarda iştirak edəcəklər.

Bu isə o deməkdir ki, jurnalistlərin təkmilləşməsi üçün atılan hər bir addımdan könüllülərin də faydalanması mümkün olacaq. Yəni həm jurnalisltər, həm də media könüllüləri bu məsələdə bərabər imkanlara sahib olacaq ki, bu da MEDİA agentliyi tərəfindən gənclərə yaradılan böyük fürsətdir. Hesab edirəm ki, biz bəlli bir müddətdən sonra bu günün media könülüllərinin sabahın jurnalisti kimi fəaliyyətinə şahid olacağıq”.