Bələdiyyələrin nüfuzu ölkəmizdə gözdən salınıb


Müzakirələrdə yerli özünüidarə qurumlarının həqiqi problemlərindən söz açılmayıb

Elə bələdiyyə üzvü var ki, ali təhsili yoxdur, amma kəndi, rayonu üçün vacib işlər görür. Yaxud əksinə, ali təhsilli bələdiyyə üzvü var və əhali üçün heç bir faydalı xidmət göstərmir

  Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin müzakirəsi zamanı müxtəlif təkliflər səsləndirilib. Bəzi deputatlar bələdiyyələrə əlavə səlahiyyət verilməsini, müxtəlif sahələrə nəzarətin bələdiyyələrə həvalə olunmasını, dotasiyaların ayrıseçkilik edilmədən bütün bələdiyyələrə eyni məbləğdə paylanmasını istəyiblər. İclasda çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov isə bildirib ki, bələdiyyələrlə bağlı ən mühüm problem maliyyə resurslarının zəif olmasıdır. Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı imkanlar var, lakin bələdiyyələr imkanlardan düzgün istifadə edə bilmirlər: “Maliyyə resurslarının zəif olmasının səbəblərindən biri bələdiyyə ərazilərindəki vergi obyektlərinin siyahısının olmamasıdır. Bu siyahı olarsa, həmin obyektlərdən vergilər yığılar, bələdiyyələrin maliyyə imkanları yaxşılaşar. Son illərdə xeyli irəliləyiş var. Əvvəl bələdiyyə üzvlərindən sadəcə, biri ali təhsilli olurdu. Hətta az sayda bələdiyyə sədrlərinin orta təhsildən də aşağı təhsil səviyyəsi olurdu. Hazırda demək olar ki, çox az sayda təhsili olmayan bələdiyyə üzvü tapılar. Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar. Zamanla bunu həll etmək olar”. Nazir müavini qəbiristanlıqların bələdiyyələrə verilməsi məsələsinə də toxunub: "Qəbiristanlıqların bələdiyyələrə verilməsi başa çatdırılmayıb. Bunun da bir çox səbəbləri var". Deputat Siyavuş Novruzov dotasiyaların eyni bələdiyyələrə verildiyini deyib. Deputat Tahir Rzayev isə bildirib ki, bələdiyyələrdən 2-3-ü birləşib uşaq bağçası aça bilər. Parlament üzvü Kamran Bayramov bələdiyyələrin icra aparatlarında əməkdaşların sayının şişirdilməsindən bəhs edib.

  AVCİYA-nın eksperti, professor Məhərrəm Zülfüqarlı "Şərq"ə açıqlamasında bildirib ki, Milli Məclisdə nazir müavini səviyyəsində bələdiyyələr müzakirə olunsa da, yerli özünüidarə qurumlarının həqiqi problemlərindən söz açılmayıb. Ekspert vurğulayıb ki, əsas problemlər kənarda qalır, boş, mənasız məqamları gündəmə gətirirlər: 

"Elə bələdiyyə üzvü var ki, ali təhsili yoxdur, amma kəndi, rayonu üçün vacib işlər görür. Yaxud əksinə, ali təhsilli bələdiyyə üzvü var və əhali üçün heç bir faydalı xidmət göstərmir. Səlahiyyətli qurumların nümayəndələri sadəcə söz demək xatirinə danışırlar. Bələdiyyələrin əsas və ciddi problemləri, çatışmazlıqları başqadır. Bələdiyyə sistemi Avropa Şurasının Azərbaycan hökuməti qarşısında qoyduğu öhdəliklərdən biridir. Tələb odur ki, hər rayonda, qəsəbə və kənddə yerli özünüidarə formalaşmalıdır. Bu, demokratiyanın göstəricisi sayılır və bütün Qərb ölkələrində artıq təsdiqini tapıb. Avropa Şurasının tələbindən irəli gələrək 1999-cu ildən bələdiyyələrin yaradılmasına başlandı. Əslində Azərbaycan xalqı tarixən, qədim dövrdən etibarən bələdiyyə sisteminə bənzər prosesi özü icra edib. Hansısa küçədə, məhəllədə, kənddə bir problem yaranıbsa, yerli sakinlər oranın ağsaqqalının yanına gedərək, problemin həlli üçün onu vəzifələndirib. Ağsaqqal da müvafiq yerlərə müraciət edərək, yaxud pul toplayaraq yaranmış problemi aradan qaldırıb. Ancaq Azərbaycanda yaradılmış bələdiyyələr cəmiyyətin tələbindən yox, AŞ-nin tələbindən ortaya çıxıb. Belə demək mümkünsə, "ölü doğulmuş uşaq" kimi olub". 

  M.Zülfüqarlı bildirib ki, əslində dünya ölkələrində bələdiyyə çox nüfuzlu qurumdur: 

"İki forması var - Amerikan və fransız forması. ABŞ-də prezident ancaq xarici siyasətlə məşğuldur. Ölkənin idarəsi kiçik qəsəbədən tutmuş böyük ştatlara qədər yerli özünüidarə ilə həyata keçirilir. İdarəetmə saat mexanizmi kimi işləyir və yerlərdə problemlər tez müddətdə, kənara çıxmamış həll edilir. Əhali də məmnunluqla vergilərini ödəyir. Azərbaycanda isə fransız formasıdır. Bizdə yerlərdə bələdiyyə ilə yanaşı, həm də prezidentin nümayəndəsi, yəni icra hakimiyyətləri var. Əsas problem də burda yaranır. Azərbaycanda bələdiyyələrin işləməsinə mane olanlar icra hakimiyyətləridir. İcra hakimləri özlərini şah, xan hesab edirlər və bələdiyyələri də öz strukturlarında bir şöbə kimi görürlər. Halbuki qanuna görə, icra və bələdiyyə yerlərdə bir-birindən asılı olmayan iki müstəqil qurum olmalıdır. Birinin rəhbərini prezident təyin edir, digərini isə xalq seçir. İkisinin də məqsədi yerli sakinlərə xidmət göstərməkdir. Lakin açıq-aşkar olan odur ki, icra başçıları əhaliyə xidmət etmir. Hansını tuturlar, kabinetindən, evindən milyonlar çıxır. Bələdiyyələrin az səlahiyyətlərinin icrasına belə imkan verilmir. Çünki icra hakimləri bələdiyyələrə öz adamlarını seçdirirlər və onlara əmrlər verirlər. 

Rayonda icra başçısı dəyişən kimi dərhal bələdiyyələrdə yoxlama başlayır, cinayət işi açılır. Yəni yerlərdəki problemlərin günahı bələdiyyələrin üzərinə atılır".
  Ekspertin sözlərinə görə, dünyanın hər yerində çox nüfuzlu olan bir strukturu ölkəmizdə gözdən salıblar: "Bələdiyyələrin dilənçi vəziyyətinə salınması yolverilməzdir və xalqımıza hörmətsizlikdir. Vətəndaş vergini ona görə verir ki, problemləri həll olunsun, xidmət görsün. Əgər yerlərdə insanların çətinliyi aradan qalxmayıbsa, niyə bələdiyyələrə pul ödəməlidir?! Tutaq ki, deputatın dediyi kimi, qəbiristanlıqlar bələdiyyələrə verildi. Nə dəyişəcək? O dəyişəcək ki, icra hakimiyyətləri bələdiyyələrə məzarlıqlardan da pul yığmağı tapşıracaq. Normal bələdiyyənin formalaşması üçün icra hakimiyyətlərindən asıllıq ləğv olunmalıdır. Bələdiyyələrə verilən səlahiyyətlər eyniylə icra hakimiyyətlərində də olmamalıdır. İki qurum bir-birinin işinə müdaxilə etməməlidir. Əgər hansı bələdiyyə normal işləməzsə, əhali gələn dəfə başqa namizədə səs verər.

  Rayonlarda, kəndlərdə bələdiyyə bütün səlahiyyətlərini sərbəst icra edərsə, müstəqil işləmək imkanı olarsa, zamanla heç icra hakimiyyətlərinə ehtiyac qalmaz. Bələdiyyələrin nüfuzu artarsa, insanların da həmin quruma etimadı, inamı artar".