Ərdoğan Türkiyənin fikirlərini Blinkenə açıq şəkildə çatdırdı-Hasan Oktay

ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.
Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn ABŞ dövlət katibini Esenboğa hava limanında qəbul edib.
Ərdoğan Blinkenlə görüşündə Türkiyənin məsələnin başladığı gündən Suriyanın ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirib.
Ərdoğan, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliyi adına tədbirlər görəcəyini də qeyd edib.
Türkiyə lideri ölkəsinin İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə NATO ölkəsi olaraq PKK və onun uzantılarının da vəziyyəti fürsətə çevirmək cəhdlərinin qarşısını alacağını vurğulayıb.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a söyləyib ki,  Antoni Bilken 18 ildir ABŞ Dövlət Departamentinin rəhbəri kimi fəaliyyətini davam etdirir:

"Türkiyə bir tərəfdən hazırkı Amerika xarici işlər naziri ilə görüşərkən, həm də yeni Ağ Ev rəhbərinin siyasətinə uyğun mövqe tutmaq istəyir. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda Suriyada heç bir terror dövlətinin yaranmasına imkan verməyəcək. Türkiyənin siyasətinin başında Suriyanın ərazi bütövlüyü, suriyalı mühacirlərin dönüşü prosesi dayanır. Həmçinin Suriyada qurulacaq hökumətin forması da Türkiyə üçün son dərəcə əhəmiyyətlidir. Ərdoğan isə Türkiyənin bu məsələlərlə bağlı fikirlərini həm Blinkenə, həm də Trampın gələcəkdə bu posta təyin edəcəyi şəxsə açıq şəkildə bildirib. Ümumiyyətlə Suriyada Türkiyənin öz siyasətindən başqa hər hansı bir formalaşmaya icazə verməsi mümkün deyil. Çünki İran və Rusiya Suriyadan çəkilməli olub. Bu mənada gələcəkdə Türkiyənin tezisləri də nəzərə alınmalıdır".