Prezident və Mehriban Əliyeva Ağdamda olublar

Dövlət başçısı və birinci xanım bir sıra obyektlərin təməlqoyma mərasimlərində iştirak ediblər

  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər. Dövlət başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb.

Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Vurğulanıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır. Qeyd edilib ki, Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur. 

  Emin Hüseynov qeyd edib ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Bildirilib ki, kənddə tikinti işlərinin bu il oktyabrın 10-da başlanılması və 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

  Prezident və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimində də iştirak ediblər. 

Qeyd olunub ki, mərkəzin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektləri yaradılacaq. Diqqətə çatdırılıb ki, mərkəzdə 60-80 otaqlı mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub. İstər peşəkar, istərsə də həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydança layihələndirilib. 
  Ölkə başçısı və birinci xanım Pəhanəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə də tanış olublar. Həmçinin, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər. 
Prezident Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə də tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri və görülən işlər barədə məlumat verib. Bildirilib ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir. Qeyd olunub ki, yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb. Layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.