İKT sahəsi üzrə istedadlı kadrlar yetişdirilir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

“Huawei” Azərbaycanda bu sahənin inkişafına töhfə verir

  Azərbaycanda bütün sahələrdə, o cümlədən təhsildə müasir dövrün tələblərinə uyğun yeniləşmə gedir. Bu prosesdə İKT vacib bir xətdir. Azərbaycan dövləti İKT-nin cəmiyyət həyatına daha səmərəli inteqrasiyası üçün vacib dövlət proqramlarını icra edir. Ölkəmiz bu sahədə uğurları ilə seçilən ölkələr kateqoriyasına daxil olub. Amma mütəxəssislər hesab edir ki, bu sahədə görüləcək işlər də çoxdur. Azərbaycan universitetlərinin bu ixtisas üzrə verdikləri bilik və bacarıqlar qənaətbəxş deyil. Problemlərin həlli üçün xaricdən mütəxəssislər cəlb edilməlidir, onların təlim və seminarları təşkil olunmalıdır. Universitetlərdə laboratoriya şəraitinin yaxşılaşdırılmasına, bu ixtisas üzrə peşəkar müəllim heyətinə ehtiyac var.

  Hazırda yaşadığımız IV sənaye inqilabı dövrü innovativ düşüncəli gənclərin formalaşdırılmasını tələb edir. Bu mənada təhsil müəssisələrinin üzərinə böyük yük düşür.

  Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları üzrə dünya liderlərindən biri olan “Huawei” şirkəti “Seeds For The Future” korporativ layihəsini növbəti dəfə Azərbaycanda keçirib. Artıq bir neçə il ölkəmizdə “Huawei” tərəfindən keçirilən bu layihə İKT sektorunda çalışan istedadlı gənclərin aşkar edilməsi, İKT bacarıqlarının inkişaf etdirilməsi və onların gələcəkdə tanınmış şirkətlərlə əməkdaşlığa cəlb olunmasında xüsusi rol oynayır.
  
Ölkə rəhbərliyi, həmçinin azərbaycanlı gəncləri qlobal təcrübə toplamağa və beynəlxalq əlaqələri gücləndirməyə daha çox yönəltmək arzusundadır.
Qeyd edək ki, dünən “Huawei Technologies Azerbaijan” Bakıda “Seds for the Future” layihəsinin bağlanış mərasimini keçirib.

  Mərasimdə çıxış edən “Huawei Azerbaijan” şirkətinin baş icraçı direktoru David Xu qeyd edib ki, “Huawei” innovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq, rəqəmsal dünyanı Azərbaycan xalqı üçün daha əlçatan etmək, hər bir gəncin ən son rəqəmsal texnologiyaya çıxışını hərtərəfli şəkildə təmin etmək üçün Azərbaycana dəstək olmaqdan məmnundur.

  Həmçinin Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Çi Ma əlavə edib ki, “Huawei” Azərbaycanda rəqəmsal islahatların aparılması prosesində fəal şəkildə iştirak edib və Azərbaycan xalqına yüksək keyfiyyətli məhsul və texnoloji xidmətlər təqdim etməyə davam edir.

  Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bütün proses ərzində bu layihəyə tam dəstək göstərib.

Belə ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində sədr vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva qeyd edib ki, biz Azərbaycanda təkcə geosiyasi dəyişikliklərin deyil, həm də iqtisadiyyatda, xüsusən də, İKT sahəsində inkişafın müşahidə olunduğu çox məhsuldar dövrləri yaşayırıq.

  İlk dəfə 2008-ci ildə Taylandda, 2016-cı ildə isə Azərbaycanda əsası qoyulan “Seeds for the Future” “Huawei”in ən uzun müddət davam edən və ən yüksək investisiyaya malik korporativ səviyyəli KSM flaqman proqramıdır. 2022-ci ilin sonuna qədər Azərbaycandan ümumilikdə 76 tələbə proqramı başa vurub.

  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, “Huawei” şirkəti Azərbaycanda ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində İT Akademiyası yaradıb və bu yaxınlarda onun açılışı olacaqdır.

  “Dünyada ixtisaslaşmış istedadlı kadrların yetişdirilməsində və texnoloji inkişaf üçün zəruri ekosistemin yaradılması sahələrində rəqabət müşahidə olunur. Bu məqsədə nail olmaq üçün bir çox ölkələr öz strategiyalarını işləyib hazırlayıblar. Azərbaycanın 2022-2026-cı illər üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf strategiyası vardır” – bu sözləri isə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov bildirib.

  Qeyd edək ki, “Seeds for the Future” müsabiqəsi Yaxın Şərq və Mərkəzi Asiya regionundan Azərbaycan daxil 175 perspektivli tələbəni bir araya gətirib. Ölkəmizi təmsil edən 5 tələbə digər yeddi qalib komanda ilə birgə ikinci mərhələni uğurla tamamlayaraq dekabr ayında Dubayda keçiriləcək final mərhələsində iştirak hüququ əldə ediblər. Bu, biznesdə uğur qazanmaq üçün daha innovativ həlləri təşviq edəcək və gənclərin irəli sürdüyü yeniliklərin gücünü həqiqətən daha çox insana çatdırmağa və yerli cəmiyyətdə davamlı inkişafı təmin etməyə imkan verəcək.

“Bu tələbələrin hansı ali məktəbdən olmasından asılı olmayaraq, onların hər biri Azərbaycanı təmsil edir. Onlar gələcəkdə “Huawei”nin tərəfdaş şirkəti ola biləcək bir ideya irəli sürə bilərlər”. Bunu ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov yekunda qeyd edib.