Ermənistanın silahlanması yeni müharibəyə gətirib çıxara bilər
Hindistanın “İndian Defence Research Wing” portalı ölkənin Dehlinin İrəvana səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketlərini tədarük etmək istədiyini yazıb. Bununla yanaşı, indiyə kimi Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib. Digər tərəfdən, 2022-ci ildə ölkələr arasında “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb. Bunlarla bərabər Ermənistana MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da göndəriləcək və HHM sistemlərinin istehsalı ilə məşğul olan “Zen Technologies” şirkəti orada özünə filial açmaq niyyətindədir. Ən son isə Hindistanın Ermənistana qiyməti 600 milyon dollar dəyərində olan “Akaş” kompleksini tədarük etməyə hazırlaşdığı bildirilib. Hindistanın Ermənistana satmaq istədiyi “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketinin xüsusiyyətləri haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Sadiq Akyar deyib ki, “BrahMos”ların daha çox hərbi obyektlərin vurulması üçün nəzərdə tutulur. Onun sözlərinə görə, raket ilk dəfə sualtı qayıqlardan atılmaq üçün hazırlanıb: "Sonradan isə həm qurudan, həm də döyüş təyyarələrindən atıla bilən versiyaları da istehsal olundu. Fikrimcə, Ermənistan bunların quru versiyasını alacaq. Çünki İrəvanın əlindəki döyüş təyyarələrinin ağırlığını nəzərə alsaq, hava versiyasının satın alınması mümkün görünmür. “BrahMos”ların quru versiyası ən uzaq uçuş mənzilinə sahibdir. Bu, təxminən 700 km-ə, havadan yerə olanlarda isə 350-400 km-ə çatır. Həssas izləmə və hədəf təyinetmə sisteminə malikdir. Klassik döyüş başlığı ilə rahat şəkildə bir hərbi hissəni və s. vurmaq mümkündür”.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın silahlanması sülh müqaviləsinə mənfi təsir edə bilər. Ekspertin fikrincə, Ermənistanın Hindistandan 700 km.mənzilli raketlər alması istiqamətində danışıqlar aparması və digər silhaların tədarükünü həyata keçirməsi regionda sülhü təhdid edir:
"Ermənistan rəhbərliyi sülh müqaviləsində maraqlıdırsa, uzaq vuran raketlərin alınmasına getməməli idi. Amma Nikol Paşinyan bütün parametrlərlə ölkəsini silahlandırmasını həyata keçirir. Hindistanın bu silahları Ermənistana satması, Cənubi Qafqazda "Orta dəhlizdə" Çinin qarşısını almaq və "Baharat" dəhlizinə alternativi ortadan götürməkdir. Hindistan Cənubi Qafqazda Çinin "Bir qurşaq, bir yol" geoiqtisadi layihəsinə qarşı Ermənistanı silahlandırır. Çünki Ermənistanın silahlanması regionda Azərbaycanla yeni müharibəyə gətirib çıxara bilər. Əgər Ermənistan hərbi cəhətdən müəyyən qədər öz arsenalını qura bilsə, sülh müqaviləsindən yayına bilər. Fransa və Hindistan Ermənistanın Azərbaycanla sülh müqaviləsinin bağlanmamasında maraqlıdır. Hətta Rusiya da burada Ermənistanın silahlandırılmasını səssizcə qəbul edir. İranda Hindistandan ixrac olunan silahların tranzitini həyata keçirir. Ermənistan yaya qədər sülh müqaviləsinə imza atmazsa, demək, Azərbaycanla müharibə etməyə hazırlaşır. Azərbaycana qarşı hərbi üstünlük əldə edərək, danışıqlarda əlavə şərtlər irəli sürməkdir. Ermənistanın növbəti hərbi təxribatları isə yeni ərazilər itirməsinə gətirib çıxara bilər".