Paşinyan Putinə mesajını verdi...

Ermənistan sədrlik dövründə Rusiyanın Avrasiya İqtisadi Birliyini anti-Qərb strukturuna çevirməyə imkan verməyəcək

  Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir vurğulayıb ki, Ermənistanın sədrliyinin Aİİ haqqında müqavilənin imzalanmasının onuncu ildönümü ilə üst-üstə düşməsi simvolikdir: "Bu da Aİİ-nin siyasi, hətta geosiyasi gündəmi olmayan iqtisadi birlik olması ilə bağlı fundamental postulata əsaslanır. Onu bu şəkildə dərk etməyə və iqtisadi əməkdaşlığımız çərçivəsində qarşılıqlı əlaqəni inkişaf etdirməyə davam edirik. Bu kontekstdə Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışırıq". Onun sözlərinə görə, Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməlidir: "Əsas ticarət və inteqrasiya azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz və məhdudlaşmamalıdır. Çünki bu, assosiasiyanın fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq. Bu kontekstdə Ermənistan tərəfi iqtisadi proseslərin 2030-cu ilə qədər və 2045-ci ilədək olan dövr üçün gələcək inkişafı haqqında bəyannamənin imzalanmasını vacib hesab edir".
  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ermənistanın baş naziri Avrasiya İqtisadi Birliyini siyasiləşdirməyə imkan verməyəcəyini də bildirib. Ekspert xatırladıb ki, gələn il Avrasiya İqtisadi Birliyinə sədrlik Ermənistana keçəcək:

"Görünür, Paşinyan açıqlaması ilə Rusiya Prezidenti Vladimir Putinə izah etmək istəyib ki, Ermənistan sədrlik dövründə Rusiyanın Avrasiya İqtisadi Birliyini anti-Qərb strukturuna çevirməyə imkan verməyəcək. Paşinyan həm də onu izah etməyə çalışıb ki, İrəvanın istəyinə rəğmən, Kreml Avrasiya İqtisadi Birliyini siyasi struktura çevirərsə, Ermənistan qurumu tərk edəcək. Əslində, Avrasiya İqtisadi Birliyinə üzv olan Mərkəzi Asiya ölkələrinin liderləri də təşkilatı anti-Qərb strukturuna çevrillməsinin əleyhinədirlər. Çünki Mərkəzi Asiya ölkələri Rusiya ilə tərəfdaşlığa rəğmən, Qərb ölkələri ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək istəyirlər".