Qanlı 11 oktyabr günü...

Gəncə terroru heç vaxt unudulmayacaq

Bir təskinliyimiz var, Araik Arutyunyan həbs olunub Bakıya gətirildi

  Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılır.
Anım mərasimi Gəncə şəhərində, Vətən müharibəsi dövründə - 2020-ci il 11 oktyabr tarixində raket hücumuna məruz qalmış ərazidə keçirilir.
Mərasimə şəhər rəhbərliyi, idarə və təşkilatların rəhbərləri, polis əməkdaşları, təhsil işçiləri və digər ictimaiyyət nümayəndələri qatılıb.
Düşmən terroru nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzülür, dualar oxunur.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində 26 mülki şəxs şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya atəşinə məruz qalıb.
  Millət vəkili Naqif Həmzəyev “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan məğlubiyyətin acısını çıxarmaq üçün mülki əhalinin yaşadığı Gəncə şəhərinə raket hücumu edib: 

“44 günlük müharibənin gedişində Ermənistanın hərbi-siyasi rəhbərliyi və ovaxtkı separatçıların rəhbərləri döyüşlərdə üstünlük əldə edə bilmək, Azərbaycan Ordusunun zəfərini ləngitmək üçün çox çirkin bir yola əl atıb, dinc sakinləri atəşə tutdular. Separatçıların hazırda həbsdə olan lideri Araik Arutyunyanın əmri ilə döyüş bölgəsindən 60 km uzaqda yerləşən Gəncə şəhəri ard-arda, bir neçə gün raket zərbələri ilə atəşə tutuldu. Uzaqmənzilli raket hücumlarının nəticəsində ümumilikdə 26 nəfər şəhidimiz, 100-dən çox yaralımız oldu. Şəhər infrastrukturuna çox böyük zərər dəydi. Ermənistan isə etdiyi bu çirkin cinayət nəticəsində heç nə əldə edə bilmədi. Sadəcə olaraq törətdikləri hərbi cinayətlə bir daha özlərinin işğalçı və terrorçu simalarını bütün dünyaya göstərmiş oldular. Azərbaycan xalqı isə bu hücumdan sonra ermənilərin xəyal etdiyi kimi ruh düşkünlüyü yaşamadı, əksinə, bütün vətəndaşlar, xüsusilə də gəncəlilər Ali Baş Komandanın ətrafında daha sıx birləşərək ordumuzun sonuna qədər vuruşmasını və Zəfər çalmasını xahiş etdilər və belə də oldu. 44 günlük Vətən savaşında əldə etdiyimiz qələbə ilə bütün şəhidlərimizin qisasını almaq iqtidarında oldu. Lakin məhz Gəncə terrorunun 3-cü ildönümü ərəfəsində separatçıların keçmiş lideri Araik Arutyunyanın və hərbi cinayət törədən digər erməni terrorçuların həbs edilərək Bakıya gətirilməsi, istintaqa cəlb edilməsi Gəncə terrorunda həyatını itirən şəhidlərin yaxınlarına və bütövlükdə Azərbaycan xalqına bir təskinlik oldu. Bununla da, Azərbaycan öz gücünü və qüdrətini bütün dünyaya göstərmiş oldu ki, qanı azərbaycanlıların əlinə batan istənilən terrorçunu həbs edib qanun qarşısında cavab verməyə məcbur edir. Birinci Qarabağ müharibəsindən üzü bəri ötən bu müddət ərzində Azərbaycan dövləti bir dəfə belə olsun beynəlxalq hüququ və humanitar prinsipləri pozmadı. Ermənistandan fərqli olaraq biz müharibə zamanı belə dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların qorunmasına həssas yanaşdıq. 2020-ci il 19-20 sentyabrında baş tutan lokal antiterror əməliyyatı zamanı da biz dinc erməni sakinlərinin təhlükəsizliyini həyata keçirmiş olduq”.
  Millət vəkili hesab edir ki, hər nə qədər güclü, qalib, ərazi bütövlüyü və suverenliyimizi bərpa etmiş olsaq da, başımıza gətirilən müsibətləri, sivil şəhərlərimizə edilən terror hücumlarını, qətlə yetirilən mülki insanlarımızı unutmamalı və unutdurmamalıyıq. Bu məqsədlə də cənab prezidentin Sərəncamı ilə Gəncədə raket zərbəsindən dağıdılmış ərazilərdən birində xatirə - memorial kompleksi tikilir. Layihə artıq hazırdır. Gəncəyə təşrif buyuran bütün xarici və yerli qonaqlar, jurnalistlər, blogerlər, ictimai- siyasi, dövlət xadimləri, ictimaiyyət nümayəndələri məhz bu ərazini ziyarət edib şəhidlərimizin xatirəsini yad edirlər. Buradakı dağıntılara baxan hər kəs ermənilərin əsl simasını görmüş olur.
  Deputat deyib ki, ötən bu 3 il ərzində biz 44 günlük Vətən müharibəsinin hər saniyəsini, hər dəqiqəsini anbaan təkrar yaşayırıq: “Gəncəyə atılan raketlər nəticəsində dağılan əraziləri hər il ziyarət edirik ki, orada həyatını itirən şəhidlərimizin ruhu şad olsun. Allahdan dünyasını dəyişən bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Azərbaycan bütün ağrılı, acılı, kədərli, əzab-əziyyətli günləri arxada qoya bildi. Xalqımız 30 illik işğal günlərini Zəfər, qələbə günləri ilə əvəzləyib. Və tam əminlik və cəsarətlə deyə bilərik ki, bir daha kimsə cəsarət edib bizə bu dəhşətləri yaşada bilməyəcək. İndi arxamızda güclü dövlətimiz, qüdrətli Ali Baş Komandanımız var. Biz ona güvənirik!”.