Azərbaycan məhsulları "Amazon" və "eBay"da bazarlanacaq:“Bu inteqrasiya dövrün tələbidir”


“Bu platformalar həm ölkəmizin tanınması, həm də malın reklamı üçün münbit şərait yaradacaq”

Azərbaycanda istehsal olunan məhsullar "Amazon" və "eBay"da satışa çıxarılacaq. Satışlar "Azexport" portalı vasitəsilə həyata keçiriləcək. Bundan əvvəl "Azexport" həmin platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidmətini təqdim edib.

İlkin mərhələdə yerli istehsal olan mədəniyyət sənayesi məhsulları, həmçinin, bəzi qida malları hər iki elektron ticarət platformasına inteqrasiya olunub. Məhsullar alıcılara "Made in Azerbaijan" brendi ilə təqdim ediləcək. 
Satışların əsasən ABŞ, Böyük Britaniya, Avropa və MDB ölkələri, Yaponiya, Cənubi Koreya, Çin, Honkonq, Tayvan, Sinqapur və İsrailə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektlərinin ərsəyə gətirdiyi məhsullar da "Amazon" və "eBay"a inteqrasiya edilə bilər. 

Məşhur elektron ticarət platformalarına inteqrasiyanın faydaları barədə "Sherg.az"a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, elektron ticarət platformalarının üstün cəhətləri çoxdur:

“Elektron ticarət platformaları yerli məhsulların satışını rahat həyata keçirmək üçün əlverişlidir. Əgər malın keyfiyyəti standartlara cavab verirsə, respublikamızda istehsal olunan məhsulların elektron ticarətə inteqrasiyası dövrün tələbidir. Spesifik topdan satış şirkəti ilə müqavilə imzalanaraq satılması onlayn satışdan geri qalır. Platformalar üzərindən isə istənilən şəxsə rahat satışı həyata keçirmək daha asandır. Böyük ticarət platformalarının alıcısı rəngarəngdir.  "Amazon" və "Ebay" həm ölkəmizin tanınması, həm də malın reklamı üçün münbit şərait yaradacaq”.

Xanlar ƏLİBƏY