Ayrılan maliyyə artırılmalıdır

"Biz istəyirik ki, parlamentə düşməyən partiyalara da maliyyə yardımı göstərilsin"


   Zaman-zaman gündəmə gələn məsələlərdən biri də Milli Məclisdə təmsil olunan siyasi partiyaların maliyyələşməsi, dövlət büdcəsindən onlara pul ayrılmasıdır. Baxmayaraq ki, parlamentdə yer alan partiya təmsilçiləri vəsaitin çox kiçik olduğunu, zəruri xərcləri belə ödəmədiyini deyirlər. Hətta maliyyənin artırılmasını tələb edənlər də olur. Lakin əksər ekspertlər qanunverici orqanda təmsilçilik hüququ qazanmış partiyalarının dövlət büdcəsi tərəfindən maliyyələşməsini doğru saymırlar. 

Tanınmış iş adamı, iqtisadçı Nazim Bəydəmirli də bu fikirdədir. O, feysbukda yazdığı statusda parlamentdəki partiyaların dövlət tərəfindən maliyyələşməsinin yanlış olduğunu bildirib. Xüsusən, majoritar seçki sistemində bunun analoqsuz olduğunu, dünyanın heç bir ölkəsində rast gəlinmədiyini iddia edib. 

Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, ölkədəki bütün siyasi təşkilatların fəaliyyəti, iqtisadi təminatı üzvlərin ianəsi ilə həyata keçirilir. Partiya funksionerinin sözlərinə görə, sadəcə, Milli Məclisdə təmsil olunan partiyalar mövcud qanunvericiliyə uyğun olaraq müəyyən maliyyə yardımı alırlar: 

“Parlamentə düşmüş siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi normal haldır. Hətta biz istərdik ki, nəinki təkcə parlamentdəki partiyalara, kənardakı siyasi təşkilatlara da maddi yardım göstərilsin. Bu maliyyə onların aktiv fəaliyyətinə səbəb olar. 

Onu da vurğulayım ki, Milli Məclisdə təmsil olunan partiyalara elə də çox vəsait verilmir. İzafi xərclərin ödənilməsində ciddi problemlər yaşanır. 

Hesab edirik ki, ayrılan maliyyə artırılmalıdır. Başqa ölkələrlə Azərbaycanı müqayisə edəndə bir sıra məqamlara diqqət yetirməliyik. Siyasi və iqtisadi rəqabətliliyi nəzərə almalıyıq. 

Bu gün Azərbaycanda hər hansı partiyaya maliyyə verilməməsi həmin təşkilatın inkişaf etməməsinin başlıca səbəblərindəndir”.