“İnflyasiya kəskinləşib”

Samir Şərifov: "Bunun əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır"


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub. Müzakirələrdə Maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak ediblər. Sonda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

“Neft Fondundan 850 milyon manat transfert icra edilməyib, qənaət olunub”

Maliyyə naziri Samir Şərifov deyib ki, sevindirici hal qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının proqnozdan çox - 114 faiz icra olunmasıdır. Nazir bildirib ki, bu, 2020-ci illə müqayisədə 20 faizdən çox icra deməkdir: “Büdcəyə 48,7 faiz qeyri-neft sektorundan daxilolmalar olub. Digər sevindirici hal odur ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə 850 milyon manat məbləğində transfertin icra edilməməsi barədə qərar qəbul edilib və bu vəsait Dövlət Neft Fondundan saxlanılıb. İqtisadiyyatdakı proseslər bizə imkan verib ki, bəzi məsələləri dövlət büdcəsinin mədaxili hesabına təmin edək və ona görə də həmin transfert qənaət olunub. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 613 milyon manat məbləğində vəsait daxil olub. Ümumiyyətlə, dövlət büdcəsinin gəlirləri olduqca qənaətbəxş hesab oluna bilər”. Samir Şərifov qeyd edib ki, sosialyönümlü xərclər dövlət büdcəsində xüsusi paya malikdir: “Mütləq ifadədə 10 milyard 217 milyon manat sosialyönümlü xərclər olub. 2020-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 21 faiz çox vəsait ayrılıb. Bunun da səbəbləri var. Bu, ölkəmizin müdafiə qabiliyyətinin artırılması ilə bağlı daha təsirli addımların atılması ilə bağlı Prezidentin tapşırığından irəli gəlir”.

"Neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən artıq yüksək olub"

Samir Şərifov qeyd edib ki, ümumdaxili məhsulun real artım səviyyəsi 2021-ci ildə nəzərdə tutulduğundan xeyli çox olub: “Neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən artıq yüksək olub. Bu da icmal büdcənin kəsirsiz icra olunmasına münbit şərait yaradıb. Ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər də var idi. Bu təsirlər əsasən xarici faktorlarla bağlı idi. Söhbət inflyasiyanın artmasından gedir. Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu. İnflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır. Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib”.

“Pandemiya səbəbindən itirdiklərimizi bərpa etməyə başlamışıq”

Nazir bildirib ki, Azərbaycan Prezidentinin gərgin zəhmət və yorulmaz fəaliyyəti sayəsində 2021-ci il xalqımız və dövlətimiz üçün uğurlu il olub: “Azərbaycan dövlətinin xarici miqyasda siyasi nüfuzu artıb, maliyyə vəziyyəti xeyli möhkəmlənib, hökumət qarşıya qoyduğu əsas vəzifələrin icra edilməsinə nail olub. Vaksinasiyanın geniş şəkildə həyata keçirilməsi nəticəsində məhdudiyyətlərin tədricən yumşaldılması və aradan qaldırılmasına nail olunub. Eyni zamanda dünya bazarlarında neftin qiymətlərinin artması nəticəsində yaranan daxili və xarici makroiqtisadi mühitin iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradıb. İlkin olaraq bu bərpanın 2022-ci ilin birinci rübünə təsadüf edəcəyi planlaşdırılsa da, 2021-ci ildə biz pandemiya səbəbindən itirdiklərimizi bərpa etməyə başlamışıq”.

“Qubada Azad İqtisadi Zona yaratmaq olar”

Millət vəkili Vahid Əhmədov vurğulayıb ki, Qubada Azad İqtisadi Zonanın yaradılmasını təklif edib: “Mənə əsasən sosial müdafiə ilə bağlı şikayətlər daxil olur. Bu gün ən ciddi məsələ iş yerləri ilə əlaqədardır. Çox böyük işlər görülür. Ancaq Quba, Şəki, Xaçmaz bölgəsinə baxaq və görək işsizlik nə yerdədir. Niyə biz o bölgələrdə sənaye parkları açmırıq? Qubada Azad İqtisadi Zona da yaratmaq olar. Xahiş edirəm ki, həmin bölgələrdə işsizliklə bağlı məsələyə baxıslın”.

“Dövlət şirkətləri özəlləşdirilməlidir”

Millət vəkili Əli Məsimli Azərbaycan büdcəsinin dövlət şirkətləri tərəfindən səmərəsiz şəkildə istifadə edilməsinin qarşısının alınmasını çox vacib hesab edib: “Dövlət şirkətlərinin özəlləşdirilməsinə gedilməlidir. Eyni zamanda icbari tibbi sığortanın tətbiqinə büdcədən kifayət qədər vəsait ayrılıb. Mən təklif edirəm ki, orqan transplantasiyası ilə bağlı da büdcədən vəsait ayrılsın. Bu əməliyyatlar kifayət qədər bahalıdır. Hər dəfə həkimlərə seçicilərin problemi ilə bağlı müraciət etmək olmur”.

“Büdcədən kinoya ayrılan pula ancaq cizgi filmi çəkmək olar”

Deputat Rüfət Quliyev bəyan edib ki, kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır. Halbuki, bütün dünyada bu sahəyə daha çox pul ayrılır və kinodan qazanc 40-60 faiz artıqlaması ilə qayıdır: “Təbii ki, keyfiyyətli kinodan söhbət gedir. İstərdim ki, biz bu məsələyə diqqəti artıraq. Mən demirəm ki, vəsait elə-belə ayrılsın. Vəsait verilsin və bunun nəticəsi tələb edilsin. Bizim büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar”. R.Quliyev inflyasiya ilə bağlı problemə də toxunub: “Təklif edirəm ki, inflyasiya ilə bağlı xüsusi proqram yaradılsın. Biz kənd təsərrüfatının daha sürətlə inkişafı üçün çalışmalıyıq. Kənd təsərrüfatının özümüzün istehlak məhsullarımızı qarşılamasına nail olmalıyıq”.
Deputat kredit faizlərinin yüksək olmasına diqqət çəkib: “İnflyasiyanın qarşısını almaq üçün kiçik və orta müəssisələrin açılması lazımdır. Bu da birbaşa maliyyə ilə bağlıdır. Bu, yüksək faizlərlə kreditlərlə mümkün olmur”. R.Quliyev içməli su probleminin həll edilməməsinə də toxunub: “Lənkəranın 2 kəndində insanlar susuz qalıb, “Azərsu” ilə mütəmadi məktublaşırdıq. Onlar deyir ki, vəsait yoxdur. Həmin kəndlərdə şəhid ailələri və qazilər də yaşayır”. Deputat təklif edib ki, Hesablama Palatası qanunsuzluqlar edən dövlət adamları, şirkət, müəssisə rəhbərləri barədə məlumatları hüquq-mühafizə orqanlarına təqdim etdikdən sonra hansı tədbirlərin görülməsi barədə ictimaiyyəti məlumatlandırsın.