Samir Şərifov inflyasiyanın səbəbini doğru izah etmədi

"Əlbəttə, orası həqiqətdir ki, biz inflyasiyanı xaricdən idxal etmiş olduq. Amma etiraf edək ki, daxildə də inflyasiyanı “istehsal” etdik" 

"Enerji daşıyıcılarının qiymətini qaldırmaqla buna şərait yaratdıq. Ən azından dizel yanacağının birdən-birə 33 faiz bahalaşması ərzaq və qeyri-ərzaq məhsullarının da bahalaşmasına səbəb oldu"

   Ötən gün Milli Məclisin komitə iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasından danışan Maliyyə naziri Samir Şərifov inflyasiyadan da bəhs edib. Nazir bildirib ki, ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər olub. S.Şərifovun sözlərinə görə, bu təsirlər əsasən xarici faktorlarla bağlı idi: “Söhbət inflyasiyanın artmasından gedir. 

Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu. İnflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır. Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib”. 
Nazir ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətlərinin artırılmasına da toxunub. O, dünya miqyasında qazın qiyməti ilə müqayisədə Azərbaycanda qiymətlərin çox aşağı olduğunu vurğulayıb. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də bildirib ki, 2021-ci ildə məcburi tələb artıb və təklifin məcburi tələbə çevik reaksiya verə bilməməsi ortaya çıxıb. Buna görə də ciddi şəkildə inflyasiya və qiymət artımı ilə üz-üzə qalmağımıza səbəb olub. 

   İnflyasiya ilə bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, dünya iqtisadiyyatı pandemiya ilə üzləşdiyi zaman mübarizə metodologiyasında fiskal və monetar siyasət tətbiq olundu. Ekspertin sözlərinə görə, çərçivəsiz şəkildə monetar və fiskal siyasət, müxtəlif sahələrə yardımlar dolayı yolla inflyasiyaya yol açdı:

 “Hətta bazarda ərzaq məhsullarının qiyməti qalxmasaydı belə yenə inflyasiya sunami dalğası kimi dünya ölkələrini bürüyəcəkdi. Bununla paralel ərzaq məhsullarının son 10 ildə dinamik artımı 2020-21-ci illərdə pik həddə çatdı və inflyasiya böyüdü. Əlbəttə, orası həqiqətdir ki, biz inflyasiyanı xaricdən idxal etmiş olduq. Amma etiraf edək ki, daxildə də inflyasiyanı “istehsal” etdik. Enerji daşıyıcılarının qiymətini qaldırmaqla buna şərait yaratdıq. Ən azından dizel yanacağının birdən-birə 33 faiz bahalaşması ərzaq və qeyri-ərzaq məhsullarının da bahalaşmasına səbəb oldu. Bu da gözlənilən idi. Çünki istehsalçı öz məhsulunu topdan və pərakəndə satış məntəqələrinə nəqliyyat vasitələri ilə çatdırır. Paralel olaraq kommunal xərclərin artması da inflyasiya öz “töhfəsini” verdi”.
İqtisadçı vurğulayıb ki, daxili bazarda piştaxtalara məhsulun çatmasında əngəllər var: “Bu əngəlləri yaradanlardan biri marketlərdər. Digər məqam isə odur ki, ölkəyə gətirilən məhsullar müəyyən məntəqələrə daxil olur və oradan topdansatışı həyata keçirilir. Səbəbi “bəlli olmayan” 20-30 faiz bahalaşma da həmin məkanlarda baş verir. Bunun qarşısı alınmalıdır. Yəni inflyasiyanın yeganə səbəbi dünya bazarında ərzaq məhsullarının bahalaşması deyil. Məsələni bu cür qoymaq düzgün deyil. Son olaraq qeyd edim ki, dünyanın bir nömrəli taxıl ixracatçısı Rusiya ilə bu sektorda beşinci sırada dayanan Ukrayna arasında gedən müharibə taxıl və digər məhsulların bahalaşmasını təmin edəcək”.