Turizm neftdən sonra ən çox valyuta gətirən sahədir

Azərbaycan yubanmadan quru sərhədlərinin açılmasını təmin etməlidir

“Karantin qaydalarının yumşaldılması, yeni turizm mövsümünün yaxınlaşması Azərbaycana gələn xaricilərin sayında da özünü göstərməkdədir”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, 2022-ci ilin ilk 4 ayında 151 ölkədən 330,6 min turist Azərbaycana səfər edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur: 

“Gələnlərin 26 faizi Rusiya, 25 faizi isə Türkiyənin payına düşüb. Bu müddətdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artıb. Artıq yeni turizm mövsümü başlamaqdadır. 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791 minədək azalıb. Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir”. 

V.Bayramov vurğulayıb ki, əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb: “Bununla yanaşı, bu sektorun inkişafı baxımından quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər.

 Statistika göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 4 ayında da Azərbaycana gələn turistlərin 72.3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. 

Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər”.