Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafına təkan verəcək

Azərbaycandakı mövcud şərtlər, güzəştlər və qanunvericilik daha çox xarici investorların cəlb olunmasına imkan yaradır

Ələt Azad İqtisadi Zonasında vergilər yeni mexanizmlə tənzimlənəcək. Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Ələt Azad İqtisadi Zonası haqqında qanun”a təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir. Fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən azad zona hüquqi şəxslərinin bütün vergilərdən azad olmasıdır. 

Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azadolma istisnası tətbiq edir. Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar. Bundan əlavə, əsas iqtisadiyyatdan azad zonaya və azad zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların və xidmətlərin idxalına və ixracına bərabər tutulacaq. Bu da öz növbəsində əsas iqtisadiyyat subyektlərinə mal və xidmət təqdim edərkən digər ölkə subyektləri ilə rəqabət apara bilməsi üçün effektiv şərait yaradacaq. Qanun layihəsində əks olunan yeniliklərdən biri də, azad zona işçilərinin gəlirindən vergitutma daxili qaydalarla müəyyən edilməsidir. Azad zona hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara görə gömrük rəsmiləşdirilməsi üçün ödənişdən başqa heç bir rüsum və vergi tətbiq edilməyəcək. Azad zonada tətbiq edilən gömrük qanunvericiliyinə, nəzərdə tutulan hallarda əsas iqtisadiyyat qanunvericiliyi də tətbiq oluna bilər. Gömrük işinin təşkili zamanı, rəsmiləşdirməsinə və nişanlanmasına nəqliyyat vasitələri də əlavə olunur. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Mühüm dəyişikliklə bağlı “Şərq”ə danışan millət vəkili Vüqar Bayramov deyib ki, Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, Zonanın əsas məqsədi qeyri-neft sektoruna stimul vermək və məhsulların istehsalının genişləndirilməsinə nail olmaqdır:

 “Dünya praktikasına uyğun olaraq həmin zonada istehsal olunan, eyni zamanda idxal edilən mal və xidmətlərə vergi güzəştlərinin tətbiq edilməsi təqdirəlayiq addımdır. İqtisadi zonada vergi və rüsumların sıfırlanması xarici iş adamlarının ölkəmizə cəlb edilməsi baxımından önəmlidir. Artıq formalaşmış infrastrukturda xarici investorların iştirakı ilə bağlı müraciətlər daxil olmaqdadır. 

Bu da ondan xəbər verir ki, iqtisadi zonaya maraq yüksəkdir. Ümumiyyətlə, regionda Azad İqtisadi zonalarla bağlı xüsusi rəqabət mövcuddur. Qonşu ölkələrdə, o cümlədən Qazaxıstanda da iqtisadi zonalar formalaşıb. Amma Azərbaycandakı mövcud şərtlər, güzəştlər və qanunvericilik daha çox xarici investorların cəlb olunmasına imkan yaradır.

Qeyd edək ki, iqtisadi zonada istehsal edilən məhsulların təxminən 75 faizi ixrac, 25 faizi isə daxili istehlak üçün nəzərdə tutulub. Zonada fəaliyyət göstərən əcnəbi sabibkarlar bölgədən kənardakı yerli sahibkarlardan vergi tətbiq olunmadan mal və xidmət alacaqlar. Bu da yerli məhsulların satışını intensivləşdirəcək”.