80 dollar ən optimal variantdır

Neftin bahalaşması bazarda "köpüklər" yaradacaq

Neftin dünya bazar qiymətində yenidən kəskin artımlar qeydə alınıb. May ayında Brent markalı neftin qiyməti 17 faiz artaraq hər barel üçün 105 dollardan 123 dollaradək yüksəlib. “Qara qızılın” qiymətindəki artımlar Çində karantin qaydalarının yumşalması və Brüsseldə Avropa İttifaqının Rusiya neftindən imtina müzakirələri ilə əlaqədardır. Eyni zamanda neftə qlobal tələbin artması kontekstində dünya bazarında təklifin azalacağı tərəddüdləri də birjalara təsirsiz ötüşmür. 

Millət vəkili Vüqar Bayramov deyib ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmiz 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Deputat bildirib ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib: 

“Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir. 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar müəyyənləşdirilib. Neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatları çoxalacaq. Bu baxımdan neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. 

Bununla yanaşı, neftin qiymətinin kəskin artması bazar üçün potensial risklər formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Amerika Birləşmiş Ştatlarında şist neft hasilatını artıracaq. Digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir”.

Parlament üzvü vurğulayıb ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımından vacibdir: 

“Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. 

Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır”.