Taxılla bağlı ən böyük çətinlik payızda gözlənilir


Rusiya ilə Ukrayna bazara qayıtmasalar qiymətlər daha da bahalaşacaq

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Hindistanın gözlənilmədən buğda ixracına qadağa qoyması səbəbindən dünyada ciddi taxıl böhranı müşahidə olunmaqdadır. Son aylarda dünyanın ən böyük taxıl resurslarına malik ölkələri buğda ixracatını dayandırıblar. 

8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiyaya, 3,5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna satışa stop qoyublar. Hətta ildə 107 milyon ton buğda yetişdirən Hindistan da ixracatın tənzimlənməsi ilə bağlı qərar qəbul edib. O cümlədən Qazaxıstan da xaricə buğda satmamağa qərar verib. Qazaxıstan hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satır və dünyada 9-cu ən böyük ixracatçı idi. Tədricən digər ölkələrdə də mərhələli şəkildə məhdudiyyətlər tətbiq edilir. Bu qərarlar illərdir ərzaq böhranı ilə mübarizə aparan ölkələrin vəziyyətini daha da pisləşdirib. 

90 ölkədə fəaliyyət göstərən, Böyük Britaniyada yerləşən beynəlxalq yardım təşkilatı “Oxfam”ın Avropa İttifaqının Qida Mütəxəssisi Hanna Saarinen illərdir aclıqla mübarizə aparan ölkələrdəki ərzaq böhranını və son vəziyyəti xarici media qurumlarından birinə dəyərləndirib. O bildirib ki, dünya misli görünməmiş aclıq böhranına doğru gedir: “Həll qlobal istehsalı artırmaq deyil, əslində fermerlər bütün dünyanı qidalandırmaq üçün lazım olduğundan daha çox məhsul istehsal edirlər. Bərabərsizlik, ədalətsizlik və yoxsulluq aclığın əsas səbəbidir”. Saarinen vurğulayıb ki, iqlim dəyişikliyi, pandemiyanın yaratdığı və müharibə ilə müşayiət olunan qarışıqlığa son qoymaq üçün bir çox ölkələrin resursları yoxdur: “Qiymətlərin qalxması bütün qlobal ərzaq sistemi üçün fəlakətdir. 

Rusiya və Ukraynadakı vəziyyət digər ölkələrə gözlənildiyindən daha çox təsir edir. Ukrayna və Rusiya qlobal ərzaq bazarında mühüm oyunçulardır. Çünki aclıq səviyyəsi yüksək olan bəzi ölkələr buğdalarının əhəmiyyətli bir hissəsini Ukrayna və ya Rusiyadan idxal edirdilər”. BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad da bildirib ki, dünyada 1,5 milyard insan Ukrayna taxılından, Rusiyanın ərzaq və gübrəsindən asılıdır. Ona görə də taxıl ixracını bərpa etmək üçün danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır. Xatırladaq ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bu məsələni müzakirə etmək üçün hazırda Moskvada Rusiya hökumətinin nümayəndələri ilə görüşlər keçirir. 

İqtisadçı-ekspert Pərviz Heydərov “Şərq”ə bildirib ki, dünyada taxıl problemi hələ keçən ildən özünü göstərməyə başlayıb. Ekspert vurğulayıb ki, qlobal miqyasda taxılçılıq sahəsində problemləri pandemiya şəraiti yaradıb:

 “Bu sahədə qiymətlər hələ keçən ildən bahalaşmağa başlamışdı. Rusiya-Ukrayna müharibəsi isə vəziyyətin düzələcəyinə yenicə ümidlər yarandığı bir şəraitdə durumu daha da qəlizləşdirdi. Müharibənin iki cəhətdən mənfi təsiri oldu. Birincisi, Rusiya-Ukrayna müharibəsi ümumən dünyada iqtisadi gərginlik yaratdı. İkincisi isə hər iki ölkə özləri də mühüm taxıl istehsalçıları və tədarükçüləri olduqlarından vəziyyət mürəkkəbləşdi. Hazırda vəziyyət ciddidir. Biçin dövrü problemi nisbətən pərdələyəcək. Ancaq ən böyük çətinliklər payızda gözlənilir. Müharibə davam edərsə, taxıl problemi bütün dünyanı ağuşuna alacaq. Qiymətlər kəskin artacaq. Lakin hesab edirəm, iri taxıl ixracçıları tərəfindən məhdudiyyətlər qarşılıqlı güzəşt şəklində yumşaldılarsa, dünya böyük çətinliklər çəkməyəcək. Müharibə aparan Rusiya ilə Ukrayna bazara qayıtmasalar müsbət nəticələr və dəyişikliklər gözləmək əbəsdir”.