Müharibə iştirakçılarına qayğı dövlətin ən prioritet vəzifəsidir

Hərbçilərin əlillik dərəcəsinin qiymətləndirilməsi sürətlə həyata keçirilir

Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara dair mətbuat konfransı keçirilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov qeyd edilən istiqamətlərdə görülmüş işləri diqqətə çatdırıb.

Bildirilib ki, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib. Yekun  mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Nazirliyin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlardan da bəhs olunub. Qeyd edilib ki, yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək. 

Millət vəkili Cavid Osmanov “Şərq”ə deyib ki, Azərbaycan sosial siyasət yürüdən bir ölkədir. Deputat vurğulayıb ki, son illər ərzində ən geniş islahatlar məhz sosial sahədə baş verib:

 “Azərbaycan iqtisadi baxımdan gücləndikcə sosial ödənişlərin, aylıq müavinətlərin məbləği də əsaslı surətdə artırılıb. Mühüm məsələlərdən biri də əlilliyin müəyyənləşməsidir və bu istiqamətdə xeyli işlər görülüb. Xüsusən, Vətən müharibəsindən sonra əldə edilmiş tarixi qələbədən sonra müharibədə yaralanmış, xəsarət almış hərbçilərin əlillik dərəcəsinin qiymətləndirilməsi sürətlə həyata keçirilməkdədir. Əminliklə söyləmək lazımdır ki, ölkəmizdə əlilliyin müəyyənləşməsi və təyin olunmuş müavinətlər dünyanın bir çox ölkəsi üçün nümunədir. Qeyd edim ki, ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. Postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Ölkə başçısı, müzəffər Ali Baş Komandan şəhid ailələri və qazilərə münasibətdə xüsusi diqqət və qayğı göstərilməsini bütün dövlət strukturları qarşısında ən prioritet vəzifə kimi qoyub”.