Dövlət təxirəsalınmaz işlər həyata keçirir

2025-ci ilədək əksər şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin ediləcək

2021-ci ildə 3 min, 44 günlük Vətən müharibəsindən sonra isə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında bildirib. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və keçən il 3 min mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə ümumilikdə 12 min 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib. Dövlət başçısının 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. 

Cari il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib. Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib. 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub. Həmçinin, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə cəlb ediliblər. 

Millət vəkili Naqif Həmzəyev “Şərq”ə açıqlamasında bildirib ki, Prezident cənab İlham Əliyevin birbaşa göstərişi ilə sosial təminatın gücləndirilməsi və sosial xidmətlərin yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar təxirəsalınmaz işlər həyata keçirilir. Deputat deyib ki, 2021-ci ildə üç min, 44 günlük Vətən müharibəsindən sonra isə üç min beş yüzə yaxın şəhid ailəsi və müharibə veteranlarına mənzillər verilib: 

“Dövlət başçısının tapşırığı ilə 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsinin miqyası 5 dəfə artırılıb. Hər zaman olduğu kimi şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə dövlət qayğısı çox yüksək səviyyədədir. Bu diqqət və qayğı gündən-günə artmaqdadır. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi həssaslıqla, qayğı ilə yanaşmaları digər sahələrə nisbətdə daha çoxdur. Ölkə rəhbərliyi bu kateqoriyadan olan insanların sosial təminatına böyük diqqət ayırır. Ötən dövrdə ümumilikdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzillər, fərdi evlər paylanılıb. Bununla bağlı çoxsaylı dövlət proqramları həyata keçirilir. Düşünürəm ki, 2025-ci ilədək əksər şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin ediləcək. Dövlət başçısının 23 avqust 2021-ci il Sərəncamı ilə Vətən müharibəsi qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin verilməsi davam etdirilir. Bu il sosial cəhətdən həssas qrupa daxil olan ailələrə də 500-dən çox mənzil verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab Prezidentin və Birinci xanımın tapşırıqlarını yüksək səviyyədə icra etməyə çalışırlar. Bu sahədə həssas qrupa daxil olan insanların məşğulluq problemləri ilə bağlı da Məşğulluq Agentliyi xüsusi dövlət proqramları icra edir. 

İstənilən halda unutmamalıyıq ki, bu sahədə olan problemlər və ehtiyaclar yekunlaşana kimi durmadan, dayanmadan işləməliyik”.