Türkiyə böyük bir nemət tapdı

Yeni qaz yataqlarının kəşf edilməsi qardaş ölkə üçün faydalıdır, yeni qapıların açılması deməkdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdən hasil olunan təbii qazın 2023-cü ilin birinci rübündən etibarən məişət istehlakçıları tərəfindən evlərdə istifadə ediləcəyini deyib. Ərdoğan bildirib ki, gələn ay ilk qaz dənizin dərinliyindən çıxarılacaq: 

“Eyni zamanda, təbii qazı milli paylama şəbəkəsinə daşıyacaq quruda boru kəmərinin tikintisinə başlayırıq. İnşallah, noyabrın ilk həftələrində bunu başa çatdıracağıq. İlk qazdan evlərdə 2023-cü ilin birinci rübündən istifadə olunacaq. 2023-cü ildə sistemə gündə 10 milyon kubmetr qaz daxil olacaq”. Qeyd edək ki, Türkiyə hasilata iki ilə başlamağı və ölkənin istehlakının üçdə birini Qara dəniz qazı ilə qarşılamağı planlaşdırır. “Sakarya” yatağı ötən il kəşf edilib. Ehtimal olunan ehtiyatları 405 milyard kubmetr olan bu yataqda növbəti illərdə 10 quyunun qazılması planlaşdırılır. Ümumilikdə, 2028-ci ilə qədər təxminən 40 quyunun qazılması gözlənilir. İlk illərdə hasilat 5-10 milyard kubmetr təşkil edəcək. 2025-ci ildə isə hasilatın 15 milyarda çatması planlaşdırılır. Bu, Türkiyədə son illərdə qaz istehlakının üçdə bir hissəsinə bərabərdir. 

Türkiyənin qaz istehsalçısına çevrilməsi ilə bağlı “Şərq”ə danışan iqtisadçı Pərviz Heydərov deyib ki, qardaş ölkənin yeni qaz yataqları kəşf etməsi dövlət və xalq üçün böyük bir nemət, mühüm tapıntıdır. Ekspert vurğulayıb ki, Türkiyə elə bir ölkədir ki, təbii resursları yox dərəcəsindəydi: 

“Xüsusən mavi yanacaqdan asılılığa görə Türkiyə Avropada ən öndə gedən dövlətlərdən idi. Türkiyə Azərbaycandan, Rusiyadan mavi yanacaq alır. Hətta Qətərdən də qaz istədiyi deyilir. Belə şəraitdə Türkiyənin özündə yeni qaz yataqlarının kəşf olunması, bu sahədə müvafiq hasilat işlərinə başlanması, investisiya yolu ilə yataqların işlənilməsi qardaş dövlət və xalq üçün böyük perspektiv vəd edir. Amma nəzərə alaq ki, Türkiyə böyük ticarətə malik bir ölkədir və getdikcə böyüyən iqtisadiyyatın öz tələbləri var. O cümlədən əhalinin sayı da çoxalmaqdadır. Ona görə də Türkiyənin daxili tələbatı ödəmək üçün uzun müddət xaricdən mavi yanacaq idxal edəcəyi bəllidir. Hazırda Avropa ölkələri Rusiya qazından asılılığa son qoymaq üçün ciddi addımlar atırlar, alternativlər axtarırlar. Qərb qarşıya məqsəd qoyub ki, mümkün qədər tez zamanda rus qazından tamamilə imtina etsin. Bu fonda Türkiyənin yeni qaz yataqları kəşf etməsi də qardaş ölkə üçün faydalıdır, yeni qapıların açılması deməkdir. Türkiyə gələcəkdə Avropa ölkələri üçün qaz ixracatçısı rolunu oynamaq şansı əldə edə bilər”.