Qarabağa edilən investisiyaların həcmi artacaq

Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu yüksəldir

“Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı”. 

Bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı: 

“Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yeni müstəviyə qaldırmaq idi. Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artıracaq. İki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin edəcək. Gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirəcək. Şuşa Bəyannaməsi ilə Qarabağda edilən investisiyaların həcmi artacaq. Böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə yatırımları ediləcək, yeni sıx əməkdaşlıqlar yaradılacaq. Həmçinin əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradacaq. Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaq”.

Parlament üzvü vurğulayıb ki, Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardımdır: 

“Bu tarixi bəyannamə ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcək. Tarixi oxşar Azərbaycan və Türkiyə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə regionda sabitlik də buna paralel olaraq artacaq”.