Qadınlara iş tapmaq, dolanmaq daha çətindir



Millət vəkili təklif edib ki, qanunlara düzəliş edilsin, kişi rəhmətə gedəndən sonra onun pensiyasını xanımı alsın


    Dünən Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. 16 layihənin müzakirə olunduğu iclasda cari məsələlərlə bağlı da çıxışlar olub. Deputatlar bir sıra problemləri gündəmə gətirərək müəyyən təkliflər irəli sürüblər.  

    Millət vəkili Vahid Əhmədov spiker Sahibə Qafarovaya müraciət edərək vitse-spiker Əli Hüseynlinin rəhbərliyi altında 10-15 deputatın yığışmasını təklif edib: “Məsələ qaldırırıq, faydası olmur. Problemlər həll olunmur, bunlara ciddi baxaq. Sahibə xanım, bunu diqqətdə saxlamağınızı, tapşırıq verməyinizi rica edirəm”.

“Olmazdı ki, yoxsul insanlara ayrılan pulların hesablanması meyarları dəyişərdi?!”

    Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, bizdə dövlət müəssisələri büdcə gəlirlərinin təqribən 1,6 milyard manatını ödəyir. Deputat bildirib ki, bu müəssisələrin sayı təqribən 4500 çivarındadır: “Bizim hökumətimiz də həmişə fəxrlə söyləyir ki, iqtisadiyyatın əsas hissəsi dövlətin nəzarətindədir. Onda büdcə gəlirlərinin də əsas hissəsini dövlət müəssisələrindən gələn gəlirlər təşkil etməlidir. Faktiki olaraq dövlət müəssisələri bu gün vergi ödəmir, nə də özəlləşdirilir. Deyirlər özəlləşdirmə doğru yol deyil. Bəs, doğru yol nədir?”. Deputat büdcədə elm xərclərinin icra olunmamasına diqqət çəkib: “Bizdə elmə onsuz da pul ayrılmır. İsraildə elmə bizdən 20 dəfə artıq pul ayrılır. Elmə pul ayırmadan elmi inkişaf etdirmək mümkün deyil. İkinci məsələ ölkədə yoxsulların sayı artır. ƏƏSMN-ə ayrılan vəsait 11faiz icra olunmayıb. Olmazdı ki, yoxsul insanlara ayrılan pulların hesablanması meyarları dəyişərdi?! Bu istiqamətdə 168 milyon manat az vəsait xərclənib. Bu vəsait yoxsul insanlardan kəsilib və qeyd olunub ki, buna qanunsuz təyinatların qarşısını almaqla qənaət edilib. Artıq bu nazirlik neçə ildir fəaliyyət göstərir. Hər il bu qədər qanunsuz təyinatlar aşkarlanırsa, deməli, səhv bunların özündədir. Bu nazirliyə əlil, qazi, şəhid ailəsinin nümayəndəsi, yaxud yoxsul insan rəhbər təyin olunsaydı, o, yoxsulluğun nə demək olduğunu anlayar, hökumətimiz də bundan faydalanardı”.

“Müharibə əlili vəfat edəndə pensiyası xanımına verilsin” 

    Millət vəkili Razi Nurullayev bildirib ki, müharibə əlilləri dünyalarını dəyişəndən sonra onların xanımları ağır həyat yaşamalı olur. Deputat deyib ki, qanun onların müavinətlərinin, pensiyasının həyat yoldaşına verilməsini təmin etmir: “Bu, azyaşlı övladı olan ailələrə şamil edilir. Ölkəmizdə qadın-kişi bərabərliyi var, amma bu, iş tapmaq, işləmək və bərabər əmək haqqı almaq məsələlərində heç də yazıldığı kimi deyil. Qadınlara iş tapmaq, dolanmaq daha çətindir. Qadın həyat yoldaşı vəfat edəndən sonra köməksiz qalır. Sizə deyim ki, belə ailələr çox deyil, amma problemləri çox ağırdır. Təklif edirəm ki, müvafiq qanunlara düzəliş edək və bu qəbildən olan ailələrdə evin dolanışıq mənbəyi olan kişi rəhmətə gedən zaman onun pensiyasını xanımı alsın. Hörmətli Sahibə xanım, Sizdən bu məsələnin araşdırılması üçün müvafiq şöbələrə göstəriş verməyinizi xahiş edirəm. Bu məsələyə ƏƏSMN-in nümayəndəsinin də fikir bildirməsini xahiş edirəm. Bu problemin həlli imkanları varmı?”.

“Azərbaycanın yüksək adına 80 manat veteran pulu çox azdır”

    Deputat Tahir Kərimli deyib ki, Azərbaycanın yüksək adına 80 manat veteran pulu çox azdır. Bunu artırmaq lazımdır: “Müharibədə yaralanmayan şəxslər də dövlət qayğısı ilə əhatə olunmalıdır. İndi biri gedib döyüşüb, yaralanmayıb, amma elə kontuziya alıb ki, onu qayğıdan, diqqətdən kənarda qoymaq olmaz. Bu məsələyə daha çox diqqət ayırmaq lazımdır”. Deputat müharibə iştirakçısı və şəhid ailələrinin problemlərinin araşdırılması üçün komissiya yaradılmasını təklif edib.

“Müharibə iştirakçısı, şəhid ailəsi xüsusi diqqətə layiqdir”

    Deputat Siyavuş Novruzov deyib ki, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Birinci vitse-prezident tərəfindən bu istiqamətdə çox böyük işlər görülür. Bu cür görülən işlərə xırda problemlərlə kölgə salmaq olmaz: “Bu insanlar danışmaq istəyir, onları qəbul etmək lazımdır. Səfərbərlik Xidməti, Müdafiə Nazirliyi, ƏƏSMN, Səhiyyə Nazirliyi, ictimaiyyət nümayəndələri, lap Milli Məclisin deputatlarını da daxil etməklə Komissiya yaradılsın. Bu insanlar dəvət edilsin, onun sənədləri araşdırılsın. Bu qədər görülən işə kölgə salınır. Biri özünü öldürür, biri özünü asır. Qazi gəlir nazirliyə, ona cavab verilir ki, sənin sənədlərin kompüterə gəlməyib. Gəlməyib, sən hazırla. Sən nazirlik əməkdaşısan, ona Prezidentin qayğısını hiss etdir. Burada cəmi 1 həftəlik iş var. Bunu etmək böyük problem deyil. 4 aidiyyəti qurum, hərəsinin minlərlə işçisi var. Bu işçilərdən hərəsi 5 nəfər ayırsa, bu problemlər həll oluna bilər. Bunu etmirlər, anti-Azərbaycan qüvvələrin əlinə dəstəvuz verirlər ki, danışsınlar. Bu məsələ yoluna qoyulmalıdır”.

“Məhbus yanına gedən vətəndaşlardan və vəkillərdən PCR testi tələbi ləğv olunmalıdır” 

    Deputat Naqif Həmzəyev deyib ki, Penitensiar Xidmətdə PCR testin vətəndaşlardan və vəkillərdən tələb olunması ləğv edilməlidir: “Məhbuslarla görüşə gələn ailə üzvləri və vəkillərdən bununla müraciətlər alırlar. Artıq ölkəyə gələnlərdən PCR testi tələbi ləğv edilib. Cəzaçəkmə müəssisəsində məhkumların yanına gələn ailə üzvləri və vəkillərdən isə hələ də bu test istənilir. Bu isə həmin şəxslər üçün əlavə xərc deməkdir. Təklif edərdim ki, heç olmasa ilk olaraq vəkillər üçün PCR testi tələbi ləğv edilsin”. 
    Deputat qiymət artımına da toxunub: “Qiymət artımının qarşısını almaq üçün “Kənddən şəhərə” layihəsinin miqyası və sayı artırılmalıdır. Digər problem Gəncə-Bakı-Gəncə və Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin hələ də bərpa olunmamasıdır. Nəzərə alsaq, ki, koronavirus artıq azalıb, təyyarə reysləri bərpa olunmalıdır”.

“Yaşlı insanların öz dədə-baba yurduna aparılmasını təklif edirəm”

    Deputat Hicran Hüseynova yaşlı köçkünlərin dədə-baba yurdlarına səfərinin təşkil olunmasını təklif edib. O deyib ki, keçmiş qaçqın və məcburi köçkünlər bizə müraciət edir. Onların içərisində çox yaşlı insanlar var: “Həmin şəxslərin minalardan təmizlənmiş ərazilərə səfərinin təşkil edilməsi çox yaxşı olardı. Minalardan təmizlənmiş ərazilərə turlar təşkil edilərək o yaşlı insanların öz dədə-baba yurduna aparılmasını təklif edirəm”.

“Ermənistan açsın qulaqlarını eşitsin” 

    Deputat Siyavuş Novruzov deyib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: “İrəvan hansı sənədin altına qol çəkibsə, bunun məsuliyyətini dərk etməlidir. Ona görə də beynəlxalq təşkilatlar Ermənistana xəbərdarlıq etməlidir. İndiyə qədər etməyiblər, Ermənistan ərköyün övlad kimi davranıb. İndi isə ərköyün övladı tənqid etməyin vaxtı gəlib çatıb. Bu məsələni daha nə qədər uzatmaq istəyirlər? Bu gün ANAMA-nın bir əməkdaşı minaya düşüb. Ermənistan bu məsələni uzatdıqca, bu cür hallar təkrarlanacaq. Ona görə də Ermənistan konkret addımlar atmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.