Bıçaq artıq sümüyə dirənib: AZAL-la bağlı millət vəkillərinin şikayətlərini eşidən olacaqmı?

 Milli Məclisin iclasında Naxçıvana təyyarə biletlərinin baha olması məsələsi də qaldırılıb. Deputatlar bilet qiymətlərinin hədsiz baha olmasından və bilet çatışmazlığından gileyləniblər. Millət vəkili Fazil Mustafa deyib ki, bu günlərdə Azərbaycanda ən çox müzakirə edilən məsələ Naxçıvan əhalisinin gediş-gəlişi ilə bağlıdır. 

Təyyarə biletlərinin qiymətlərinin 60 manata qaldırılması böyük problemlər yaradır. Deputat bildirib ki, avtomobillə İrandan keçməklə Naxçıvana getmək əvvəllər 30 manat olsa da, indi 38 manata başa gəlir: “Digər bir problem isə təyyarə biletlərinin yoxluğudur. Biletlərin çoxu turizm şirkətlərinə satılır, yerli əhali buna görə problem yaşayır. 

İkincisi, Türkiyəyə olan qiymətlər çox bahadır. Buna görə də tələbələr İğdırdan Naxçıvana gəlməklə ölkəyə qayıtmaq istəyir. Yəni bilet qiymətlərinin artması bütövlükdə Azərbaycan əhalisi üçün problemə çevrilir. Bu məsələ üzərində hökumət çox ciddi düşünməli, problem həllini tapmalıdır”.

     Millət vəkili Tahir Kərimli də təyyarə biletlərinin bahalığından şikayətlənib. Deputat təyyarə biletlərinin çox baha olmasından narazılıq ifadə edib: 

“Region ölkələri ilə müqayisədə Azərbaycanda təyyarə biletləri bir neçə dəfə bahadır. Naxçıvana biletlərin qiyməti artdı. Yanacağı dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. 

Bizi yanaşı oturtmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda oturtdular. İndi ər-arvad gedəndə onlar yanaşı oturtmaq üçün pul alacaqlar? Söz deyəndə, deyirlər ki, kommersiyadır, istəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq? Bizim başqa şirkətimiz var? 

Bu nə biabırçılıqdır? Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Dünyaya, regiona, xalqın şəraitinə baxsınlar”.